Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2020 15:21
"Koronavirus pandemiyasının ölkəmizin iqtisadiyyatına və sosial həyatına mənfi təsirini azaltmaq məqsədilə Azərbaycan hökuməti tərəfindən sistemli tədbirlər həyata keçirilir. Bu istiqamətdə Tədbirlər Planının təsdiq olunması böyük əhəmiyyət kəsb edir. Pandemiya ilə bağlı sosial paketin tam icra edilməsi karantin və pandemiya dövründə vətəndaşların yaşayışı üçün çox ciddi kömək olacaq".
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Deputat bildirib ki, Tədbirlər Planı iqtisadi artıma, sahibkarlığa, məşğulluq və sosial rifaha dəstəkdir, həmçinin makroiqtisadi və maliyyə sabitliyini əhatə edir:
"Bu tədbir eyni zamanda dövlət sektorunda çalışan 910 min, qeyri-dövlət sektorunda çalışan 710 min işçini əhatə edir, həmçinin əhalinin məşğulluq imkanlarının artırılmasını nəzərdə tutur. Tədbirlər Planı həm məşğul əhalinin, yəni, muzdla işləyənlərin, eyni zamanda, çalışmayan vətəndaşların sosial təminatını və onlara birbaşa yardımın edilməsini nəzərdə tutur. Belə ki, dövlət və özəl sektorda çalışanlara dəstək, məşğulluq məsələləri, yaşı 65-dən yuxarı olan vətəndaşlara qayğı və s. məsələlər hökumətin diqqət mərkəzindədir.
Sənəddə iş yerlərinin, eləcə də sosial sabitliyin qorunması istiqamətində vəsaitlərin ayrılması nəzərdə tutulur. Birinci istiqamət pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqlarının müəyyən hissəsinin dövlət tərəfindən ödənilməsidir. Məqsəd iş yerlərinin sayının azaldılmaması və həmin sektorlarda, yəni, orta və iri sahibkarlıq subyektlərində çalışan vətəndaşların indiki halda işləməsələr və məzuniyyətdə olsalar belə, əməkhaqlarını ala bilmələridir. Bu, orta və iri sahibkarlıq subyektlərində çalışan vətəndaşları əhatə edəcək. Əgər hansısa bir vətəndaşın kiçik, orta və iri sahibkarlıq subyektində muzdlu işçi kimi əməkhaqqı müqaviləsi varsa, dövlət ona dəstək göstərəcək".
S.Hüseynova bildirib ki, həyata keçirilən tədbirlər dövlətimizin uğurlu sosial siyasətinin ifadəsidir:
"Bütün bunlar onu göstərir ki, cənab Prezidentin qeyd etdiyi kimi, dövlət siyasətinin mərkəzində vətəndaş amili dayanır. Pandemiya ilə bağlı sosial paketin tam icra edilməsi karantin və pandemiya dövründə vətəndaşların yaşayışı üçün çox ciddi kömək olacaq".