Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2020 17:42
Bakı. Trend:
Aprelin 21-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində qanvermə aksiyası keçirilib.
Trend-in məlumatına görə, aksiyada Yeni Azərbaycan Partiyasının (YAP) Bakı şəhəri üzrə rayon təşkilatlarının gəncləri iştirak ediblər.
YAP Mətbuat Xidmətinin rəhbəri, partiyanın Siyasi Şurasının üzvü Hüseyn Paşayev bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünə qoşularaq qanvermə aksiyasını təşkil edib.
Onun sözlərinə görə, hər zaman humanist, xeyirxah təşəbbüslərin müəllifi olan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qana ehtiyacı olan insanlar üçün belə bir çağırış etməsi də cəmiyyətimiz tərəfindən rəğbətlə qarşılanır.
H.Paşayev qeyd edib ki, YAP İcra Katibliyində təşkil olunan bu aksiya da partiya üzvlərinin vətənpərvərliyindən, onların ölkəmizdə həyata keçirilən bütün xeyirxah işlərdə fəallıq göstərməkdə maraqlı olmasından xəbər verir:
“Aksiya irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara, o cümlədən talassemiya xəstələrinə böyük yardım edəcək”.
B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutu Mərkəzi Qan Bankının müdir müavini Namirə Abbasova da Yeni Azərbaycan Partiyası İcra Katibliyində təşkil olunan qanvermə aksiyasını yüksək dəyərləndirib. Onun sözlərinə görə, partiyanın hər il belə aksiyalar təşkil etməsi çox humanist addımdır. N.Abbasova deyib ki, toplanan qanlar talassemiya, hemofiliya, digər qan xəstəliklərindən əziyyət çəkən insanlara veriləcək.
O qeyd edib ki, verilən qanlar laboratoriyalarda yoxlanılacaq. Yaşı 18-65 olan sağlam insanlar qan verə bilərlər. “Burada insanlar qan verməmişdən əvvəl həkim müayinəsindən keçirilirlər. İnfeksion xəstəliklər keçirmiş, şəkərli diabet, zob, ürək çatışmazlığı olan, əməliyyat keçirmiş insanlar qan verə bilməz. Qanvermənin müsbət cəhətləri də var. Belə ki, təzyiq yüksəkdirsə qan verdikdən sonra bu normallaşır, qan yaradan orqanların fəaliyyəti yüksəlir, ürək fəaliyyətinə müsbət təsir edir. Ən əsası, insanlar özlərini xoşbəxt hiss edirlər ki, qan verməklə qana ehtiyacı olan insanlar üçün yardım göstərirlər”.
Qeyd edək ki, qanvermə aksiyasında ümumilikdə 40-dan çox YAP üzvü iştirak edib.