Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2020 12:45
Bakı. Trend:
Aprelin 23-də MDB və Avrasiya Ölkələri Onkologiya, Rentgenoradiologiya Mərkəzləri və İnstitutları Direktorları Assosiasiyasının təşkilatçılığı ilə onkoloqlar və radioloqların videobağlantı formatında XI qurultayı öz işinə başlayıb.
Açılış mərasimində Rusiya Federasiyasının Səhiyyə naziri Mixail Muraşko Rusiya prezidenti Vladimir Putinin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.
İlk dəfə olaraq onlayn rejimdə keçirilən qurultay bu sahələrin alim və mütəxəssislərinin təcrübə mübadiləsi üçün əsl müzakirə meydanı olub. Qurultayın gedişini 10 ölkədən 7000-dən artıq iştirakçı izləyib.
Qurultayın plenar iclasında nümayəndələr təmsil etdikləri ölkələrdə onkologiya və rentgenoradiologiya sahəsində görülən işlərdən, qabaqcıl təcrübədən, qarşıya çıxan problemlərdən ətraflı şəkildə bəhs ediblər. Qurultayın ilk iş günündə müxtəlif ölkələrin mütəxəssislərinin təqdim etdikləri məruzələr dinlənilib. Bu məruzələr arasında Azərbaycanda onkoloji xidmətin təşkili və uğurlarından bəhs edən hesabat böyük maraqla qarşılanıb.
Azərbaycan onkoloqlarının qurultay iştirakçılarına süd vəzi xəstəlikləri, urologiya, proktologiya, baş- boyun və digər onkoloji cərrahiyyə sahələri üzrə 10-a yaxın məruzəsi, 30-dan artıq tezisi təqdim olunacaqdır. Qurultaya böyük mütəxəssis qrupu ilə qatılan Milli Onkologiya Mərkəzi dünyada gedən onkoloji araşdırmaların aktual problemləri, koronavirus pandemiyası dövründə onkoloji xəstələrin müalicə və müayinəsi ilə bağlı tövsiyə və mülahizələrini plenar iclaslarda müzakirələrə çıxarmağı planlaşdırır.
Qurultayda dünya şöhrətli cərrah-onkoloq, uzun illər Rusiya Elmi Onkoloji Mərkəzinə rəhbərlik etmiş akademik Nikolay Trapeznikov adına yeni medalın təsis edilməsi haqqında məlumat verilib.
Qeyd edilib ki, Assosiasiyanın Rəyasət Heyətinin qərarı ilə bu medalla dünyada onkoloji xəstəliklərin profilaktikası, müalicəsi və elmi araşdırmaları sahəsində yüksək nailiyyətlər qazanmış alim və mütəxəssislər təltif ediləcəklər.
Rusiya Federasiyasının Səhiyyə naziri Mixail Muraşko qurultay iştirakçılarına bildirmişdir ki, akademik Nikolay Trapeznikov adına yeni medalın yekdilliklə Azərbaycan Milli Onkologiya Mərkəzinin Baş direktoru akademik Cəmil Əliyevə verilməsi qərara alınıb. Qurultay iştirakçıları bu qərarı alqışlarla qarşılayıblar.
Akademik C.Əliyev onun fəaliyyətinə verilən yüksək qiymət üçün M.Muraşkoya, Assosiasiyanın rəhbərliyinə, həmçinin bütün qurultay iştirakçılarına öz dərin minnətdarlığını bildirib.
Qurultay aprelin 25-nə qədər davam edəcəkdir.