Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daha 50 avtomobili Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edilib (FOTO)

Daha 50 avtomobili Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edilib (FOTO)

Tarix: 3 Iyun 2019 13:32

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 50 avtomobil Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edilib. Onlardan 49 nəfəri Qarabağ müharibəsi əlili, 1 nəfəri 20 Yanvar əlilidir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, avtomobillə təmin olunan vətəndaşlar Prezident İlham Əliyevin sosial cəhətdən həssas qruplara, şəhid ailələrinə, müharibə və 20 Yanvar əlillərinə xüsusi qayğısından razılıq hissi ilə bəhs edərək, bu gün onlara yeni avtomobillərin verilməsinə görə dövlət başçısına dərin minnətdarlıqlarını bildiriblər.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində cari ildə də əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində atılan mühüm addımları diqqətə çatdırıb.

O, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinin dövlət başçısının fəaliyyətində prioritet istiqamətlərdən olduğunu qeyd edib. Nazir müavini bildirib ki, bu ilin ötən dövründə Prezidentin aylıq təqaüdü şəhid ailələri üçün 242 manatdan 300 manata çatdırılıb. Müharibə əlilləri üçün sosial müavinət və təqaüdlər 100 faiz artırılmaqla, I qrup əlilliyi olanlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü (50 manat) də təsis edilib.

Şəhid ailələrinin birdəfəlik ödəmə (11 min AZN) ilə təminatı proqramının artıq 80% icra olunduğunu deyən V.Nəsirli şəhid ailələrinin və müharibə əlillərinin digər sahələrdə də dövlətin qayğısı ilə əhatə olunduqlarını vurğulayıb. O qeyd edib ki, ötən il şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə nəzərdə tutulduğundan 3 dəfədən çox olmaqla 626 mənzil təqdim edilib. Bu vaxtadək isə həmin vətəndaşlara 6654 mənzil verilib. 2019-cu ildə bu kateqoriyadan olan vətəndaşlara azı 800 mənzil verilməsi nəzərdə tutulub.

Nazir müavini bildirib ki, Prezident İlham Əliyevin 18 mart 2019-cu il tarixli Sərəncamına əsasən ayrılan vəsait cari ildə əlavə olaraq 400-dən artıq avtomobil alınmasına və nəticədə bu il nazirlik tərəfindən müharibə əlillərinə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsinə imkan yaradıb. Onlardan 28 may 2019-cu il tarixdə 50 ədəd, bu gün daha 50 avtomobil, beləliklə, artıq 100 avtomobil təqdim olunub. Bununla da indiyədək 6250-dək minik avtomobili müharibə əlilləri və onlara bərabər tutulanlara verilib.

V.Nəsirli müharibə əlillərinin reabilitasiya imkanlarının da ildən-ilə artırıldığını deyib. O, nazirliyin həm Bakıda, həm də bölgələrdəki bir sıra reabilitasaiya müəssisələrində ən müasir tələblərə uyğun reabilitasiya şəraitinin yaradılması işlərinin aparıldığını, digər tərəfdən, cari ildə yeni bərpa müəssisələrinin inşasına başlanacağını diqqətə çatdırıb.

Qeyd edilib ki, şəhid ailələri və müharibə əlilləri üçün icra olunan bütün sosial proqramlar, eyni zamanda, 20 Yanvar şəhidlərinin ailələrini və 20 Yanvar əlillərini də əhatə edir.

Nazirlik yanında İctimai Şuranın üzvləri, ictimai birliklərin rəhbərləri Azərbaycanda dayanıqlı xarakter alan inkişaf proseslərinin sosialyönümlü olduğunu, Prezident İlham Əliyevin siyasətinin vətəndaş rifahının təminatı prinsipinə əsaslandığını vurğulayıblar. Onlar aparılan bu siyasətə uyğun olaraq, iqtisadi islahatların uğurlu nəticələrinin məhz əhalinin rifah halının yaxşılaşdırılması, sosial cəhətdən həssas qrupların, şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsinə yönəldildiyini vurğulayıblar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Daha avtomobili Qarabağ müharibəsi Yanvar əlillərinə təqdim edilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ