Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qəbələ”nin taleyi necə olacaq? – klub rəsmisi danışır

“Qəbələ”nin taleyi necə olacaq? – klub rəsmisi danışır

Tarix: 3 Iyun 2019 14:36

Tale Heydərovun “Qəbələ”nin prezidenti vəzifəsindən gedişindən sonra klubda yaranmış qeyri-müəyyənlik hələ də davam edir. Heyətdə ciddi dəyişiklər edəcəyi gözlənilən bölgə klubunda artıq müqaviləsi başa çatan Cavid Hüseynov, Rauf Əliyev, Stiven Monroz, Elvin Camalov kimi təcrübəli futbolçularla yollar ayrılıb. Gedənlərin artacağı istisna olunmur. Mətbuatda “qırmızı-qaralar”ın növbəti mövsümdə elə də iddialı olmayacağı, daha çox öz akademiyasının yetirmələrinə güvənəcəyi haqda xəbərlər dolaşır. Bəs, “Qəbələ”nin taleyi necə olacaq? Klubun baş meneceri Zaur Əzizovla əlaqə saxlayıb, bu və digər suallarımıza aydınlıq gətirməyə çalışdıq.

-“Qəbələ”nin gələcəyi ilə bağlı rəhbərliklə görüş oldumu və orada hansı məsələlər müzakirə edilib? Ümumiyyətlə, klubun aqibəti necə olacaq? Qarşıdan avrokuboklar gəlir.

- Vəziyyətin nə yerdə olduğu təxminən bilinir. Bəlli bir büdcə çərçivəsində saxlaya bildiyimiz futbolçuları saxlamağa çalışacağıq. Saxlaya bilməyəcəklərimizi təşəkkür edib, yola salırıq. Aydın məsələdir ki, önümüzdəki mövsümdə daha çox akademiya yetirmələrinə, gənc oyunçulara üstünlük verəcəyik.

- Aparıcı futbolçular bir-bir komandadan ayrılır. Bundan sonra kimlərin gedəcəyi, kimlərin qalacağı bilinirmi?

- Söhbət legionerlərdən gedirsə, hazırda Volkovun komandada qalmaq məsələsi var. Müqaviləsi olanlara təkliflər edilir. Hələ ki, gözləyirik. Vaxtı çatanda qərar verəcəyik.

- Rauf Əliyevin də komandadan ayrıldığı barədə xəbər yayılıb...

- Raufun müqaviləsi başa çatıb, artıq bizim futbolçu deyil. Deyə bilmərəm, yenidən razılaşarsaq, qala bilər. Amma sağ olsun, gəldi, komandanın uğur qazanmasında çox böyük əziyyəti oldu. Bütün oyunçular xarakter göstərdilər. Bunu özləri üçün yox, sırf kluba görə etdilər. Biz də həmin anlar yaşadıq. Ona görə də hər birinə təşəkkür edirik. Məcburi də olsa, hamısı ilə çox yaxşı şəkildə ayrılırıq.

- Ceyms Adeniyinin müqaviləsi var. Onunla bağlı fikriniz necədir?

- Bəli, müqaviləsi davam edir. Sadəcə, təkliflər var, dəyərləndirəcəyik.

- Bəs, heyətə kənardan yeni futbolçular cəlb olunacaq?

- Əlbəttə. Yəqin ki, yeni legionerlər alınacaq.

- Təxminən neçə legioner almağı düşünürsünüz?

- Ehtiyacımız olduğu qədər. Komandada sırf azərbaycanlı uşaqlar yox, əcnəbi futbolçular da olacaq.

- Yeni mövsümdə əsas hədəfiniz nə olacaq?

- Ən yaxşı şəkildə mübarizə aparmağa çalışacağıq. Yola hər hansı avrokubok, çempionluq hədəfi ilə çıxmırıq. Büdcə yuxarı olsaydı da, Avroliqada işimiz asan olmayacaqdı. Bu, tək “Qəbələ”yə aid deyil. Bizdən futbolçu alan, avrokuboklarda çıxış edən digər yerli klubların da işi çətin olacaq. Bununla belə, yaxşı komanda qurub, ciddi hazırlaşacağıq.

- Deyilənlərə inansaq, akademiyada da müəyyən ixtisarlar olacaq...

- Xeyr, hər şey olduğu kimi qalacaq.

- Bir neçə gün öncə menecer Səbuhi Səfiyarlı “Qəbələ”dən ayrıldı. Başqa klub rəsmilərinin gedişi gözlənilirmi?

- Hələ ki, ancaq Səbuhi ayrılıb. Başqaları ilə bağlı nəsə olsa, xəbər tutacaqsınız. Bu gün üçün hamı yerindədir.

- Səbuhi Səfiyarlının yerinə yeni təyinat olacaq, yoxsa o vəzifə ləğv olunacaq?

- Səbuhinin yerini doldurmaq mümkün olmayacaq. Amma yəqin ki, Məhəmməd Əzizli onun işlərini görəcək.

- Komandanın yay hazırlıq planı müəyyənləşib?

- Komanda iyunun 17-də Qəbələdə bir araya gələcək. İki həftəlik hazırlıqdan sonra futbolçulara bir neçə günlük istirahət veriləcək. Daha sonra isə Türkiyə toplanışı olacaq. Yeni legionerlərin də məhz orada komandaya qoşulacağı gözlənilir.

- Neçə yoxlama oyunu nəzərdə tutulub və rəqiblər bilinirmi?

- Qəbələ toplanışında bir, Türkiyədə isə 3 yoxlama oyunu olacaq. Rəqiblər isə hələ bilinmir.

Elnur SALAHOV

 


Etiketlər:  Qəbələnin taleyi necə olacaq klub rəsmisi danışır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ