Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2020 11:44
Vətəndaşlarımız Azərbaycanda koronavirusun qarşısının tam alındığını düşünərək sərbəst hərəkət etsələr, gigiyenik qaydalara əməl etməsələr nəticə pis ola bilər. Ona görə də karantin rejiminin yumşaldılması insanlarda arxayınlıq yaratmamalıdır.
Sonxeber.net xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.
Deputat qeyd edib ki, vətəndaşlarımız İtaliya, Rusiya kimi ölkələrdən nəticə çıxarmalıdırlar. Bu ölkələrdə karantin qaydalarına əməl olunmaması faciələrə səbəb oldu: "Azərbaycan dövləti koronavirusdan müdafiə üçün bütün lazımi tədbirləri gördü, əhalini özünütəcridə çağırdı, vətəndaşlar xüsusi karantin qaydalarına əməl etdilər və nəticədə Azərbaycanda, hələ ki, itki daha azdır. Amma bu, o demək deyil ki, ölkəmizdə virusun yoluxma təhlükəsi yoxdur. Bu təhlükə hələ də var və əgər insanlar səhlənkarlıq edərlərsə, ölkədə daha pis vəziyyət yarana bilər. Ona görə də vətəndaşlar daha diqqətli olmalı, özünütəcridə daha çox önəm verməlidirlər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına diqqət yetirməliyik, dünyada baş verən proseslərə nəzər salmalıyıq. Dünyanın böyük gücləri sayılan dövlətlərdəki vəziyyət göz qabağındadır. Amerika Birləşmiş Ştatları, Avropanın inkişaf etmiş dövlətləri pandemiyadan nə qədər itkilər verdilər. Bunlardan nəticə çıxarmaq lazımdır. Azərbaycanda son iki günün statistikasına baxanda görürük ki, artıq yoluxanların sayı yenə sağalanların sayını üstələyib. Bu, insanlarda yaranan arxayınlıqla bağlıdır. İndi daha çox ehtiyatlı olmaq lazımdır. Xüsusilə 65 yaşdan yuxarı insanların küçələrə çıxmasına imkan verməməliyik, insanlarla təmasda ən azı 2 metr sosial məsafə saxlamalıyıq, vacib işimiz olmadığı halda evdə qalmalıyıq. Bu, yalnız özümüzün və yaxınlarımızın qorunması üçündür. Hər birimiz bu qaydalara əməl etməli və evdə qalmaqla virusa tam qalib gəlməliyik".