Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2020 14:04
Bakı. Trend:
”Azərpambıq ASK” MMC ölkədə tətbiq olunan karantin rejimi günlərində fəaliyyətini davam etdirir.
Trend-in məlumatına görə, hazırda nəzərdə tutulan çiyid səpini işləri aqrotexniki qaydalara riayət etməklə, müvəffəqiyyətlə davam etdirilir. Bu il ölkənin 15 rayonunda 29 min hektar əkin sahəsində pambıq əkilməsi qarşıya məqsəd qoyulub. Bu günə qədər 23 min hektar sahəyə çiyid səpilib. Səkkiz min beş yüz hektarda ilkin çıxış alınıb. Aprel ayının 10-dan başlanan çiyid səpini, təxminən may ayının 10-na qədər başa çatdırılmalıdır.
Ötən il hər hektardan 28 setner məhsul götürülməsi nəzərdə tutulduğu halda, cari ildə hər hektardan 30 setner məhsul əldə etmək hədəflənir.
Bu il cəmiyyət tərəfindən əkin mövsümündə bir neçə yeni əlverişli üsul tətbiq edilir. Bunlara misal olaraq qoşa cərgə ilə səpin üsulunu qeyd etmək olar. Həmin üsul vasitəsilə eyni vaxtda iki cərgə ilə əkin aparan səpin aqreqatlarından istifadə olunur. Nəticədə səpin zamanı hər hektarda bitki sayı çox olur ki, bu da məhsuldarlığın xeyli yüksəlməsinə imkan verir.
Qoşa cərgə ilə səpin üsulu Biləsuvar təcrübə -sınaq təsərrüfatı, həmçinin pambıq ihtehsalı və emalı zavodunda, eləcə də Ağcəbədi və Bərdə rayonlarının pambıq əkini sahələrində eksperiment olaraq tətbiq edilir.
Əkin mövsümündə tətbiq olunan digər əlverişli vasitə tirə üsuludur ki, şirkət üzrə təxminən 500 ha sahədə nəzərdə tutulur. Bu üsulla əkinin məxsusi üstünlükləri vardır. Belə ki, tirə üsulunun əkinə tətbiq edilməsi daha çox məhsuldarlıqda mənfəətin artırılmasına imkan yaradır.
Məhsuldarlığın artırılması üçün vaxtında verilən gübrələr də mühüm əhəmiyyət kəsb edir. Bunun üçün sahələr tələb olunan miqdarda “Ammofos”,”Ammonium nitrat”-Azot və karbomit gübrələri ilə təmin edilir.