Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyev: ''Azərbaycan dünya birliyinin məsuliyyətli və səmərəli üzvü kimi pandemiya ilə beynəlxalq səviyyədə mübarizəyə böyük töhfə verir''

Prezident İlham Əliyev: ''Azərbaycan dünya birliyinin məsuliyyətli və səmərəli üzvü kimi pandemiya ilə beynəlxalq səviyyədə mübarizəyə böyük töhfə verir''

Tarix: 7 May 2020 13:51

Azərbaycan dünya birliyinin məsuliyyətli və səmərəli üzvü kimi pandemiya ilə beynəlxalq səviyyədə mübarizəyə böyük töhfə verir.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Mir" televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

"İnsanlarımızın sağlamlığını və həyatını qorumaq məqsədilə biz lap əvvəldən məhdudlaşdırıcı tədbirlər gördük. Hesab edirəm ki, tədbirlər özünü doğrultdu. Bu tədbirlər tədricən sərtləşdirildi və son nəticədə biz xüsusi karantin rejiminin tətbiqinə gəlib çatdıq. Bizim bütün resurslarımızın səfərbərliyə alınması, pasiyentlərin layiqincə müalicəsini təmin etmək məqsədilə tibbi preparatların, zəruri avadanlıqların əldə edilməsi üzrə böyük təşkilati iş aparıldı. Qısa müddətdə tibbi maskaların və dezinfeksiyaedici vasitələrin istehsalı üzrə müəssisə işə salındı. Həmçinin yaxın vaxtlarda həkimlər üçün xüsusi geyimlər istehsal edən müəssisə işə salınacaq. Yaxın vaxtda hər birində 200 çarpayı olmaqla 10 yeni xəstəxananın istifadəyə verilməsi planlaşdırılır. Bu, yeni tikinti texnologiyaları - modul tipli texnologiyalardır. Bu günədək 20-dən çox dövlət xəstəxanası koronavirus xəstələrinin müalicəsi üçün ayrılıb, o cümlədən bu yaxınlarda 575 pasiyent üçün nəzərdə tutulan ən müasir xəstəxana açılıb. Həmçinin koronavirusla mübarizəyə cəlb edilən tibbi heyətin sosial təminatı üçün tədbirlər görülüb. Bu kateqoriyadan olan tibb işçilərinin əməkhaqqı müvafiq olaraq 3, 4 və 5 dəfə artırılıb. Yeni laboratoriyalar alınıb. Bu gün laboratoriyaların sayı artıq 23-dür. Bu bizə gündə bir neçə min test keçirmək imkanı yaradır. Ümumilikdə 160 mindən çox test keçirilib və əhalinin bir milyon nəfərinə düşən testin sayına görə Azərbaycan ön sıralardadır.
Görülən bütün tədbirlər, o cümlədən məhdudlaşdırıcı tədbirlər bir məqsəd daşıyıb - vətəndaşlarımızın təhlükəsizliyini, sağlamlığını təmin etmək və onların həyatını qorumaq. Aprelin 14-dən başlayaraq Azərbaycanda müsbət dinamika müşahidə edilir. Sağalanların sayı yoluxanların sayından çoxdur. Bunun nəticəsində aprelin 27-dən başlayaraq və sonra mayın 4-də karantin rejimi yumşaldıldı. Karantin rejimi mayın sonunadək qüvvədədir. Beləliklə, biz vəziyyətin müvafiq daimi monitorinqini gələcəkdə də davam etdirəcəyik və əgər görsək ki, yumşaltma xarakteri daşıyan tədbirlər yoluxanların kəskin artmasına gətirib çıxarır, o halda məhdudlaşdırıcı tədbirləri yenidən gücləndirməli olacağıq.

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun mart ayının sonunda mənə ünvanlandığı məktubda koronavirusla mübarizə işində Azərbaycanın nümunəvi ölkə olduğu bildirilib. İlk növbədə, milli səviyyədə işləməklə biz, həmçinin beynəlxalq birliyin daha sıx birləşməsinə, diqqətin bu problemə cəlb edilməsinə, habelə koronavirusa müqavimət üzrə birgə işlərin gücləndirilməsinə çalışırıq. Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının sədridir. Apreldə və mayda iki sammit keçirildi. Özü də birinci sammit - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammiti, ümumiyyətlə, dünyada bu mövzuya videokonfrans formatında həsr edilən ilk sammit idi. Dövlət və hökumət başçılarının böyük sayda iştirakı ilə bu tədbirlərin uğurlu keçirilməsi nəticəsində biz ümumi bəlaya qarşı mübarizədə vahid yanaşmalar əldə etdik. Eləcə də həm tibbi sahədə, həm də pandemiyanın bütün ölkələrə böyük zərər vurduğu iqtisadi sahədə müxtəlif səviyyələrdə işçi qruplar yaradıldı. Beləliklə, Azərbaycan dünya birliyinin məsuliyyətli və səmərəli üzvü kimi pandemiya ilə beynəlxalq səviyyədə mübarizəyə böyük töhfə verir. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilatdır və Azərbaycan bu təşkilatda üç il sədrlik edəcək. Qoşulmama Hərəkatının Təmas Qrupunun Sammitinin keçirilməsi təşəbbüsü Hərəkatda çox müsbət qarşılandı. Sammit göstərdi ki, biz səyləri birləşdirməklə bu bəlaya qarşı daha təsirli müqavimət göstərə bilərik. Həmçinin Azərbaycan bir neçə ölkəyə zəruri maliyyə və texniki, o cümlədən tibbi preparatlar və qoruyucu vasitələr yardımı edib. Biz pandemiyaya qarşı mübarizə işinə Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə iki dəfə donor töhfəsi etdik. Mart ayında Ümumdünya Səhiyyə Təşkilatı ilə Azərbaycan arasında donor sazişi imzalandı. Sazişə müvafiq olaraq biz bu bəla ilə qlobal səviyyədə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar ayırdıq. May ayında isə Qoşulmama Hərəkatının sədri kimi Hərəkatın virusdan daha çox zərər çəkən üzvlərinə yardım göstərilməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə etdik. Müvafiq qərara əsasən, Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan bu yardımın miqyasını və təqdim ediləcəyi ölkələri birgə müəyyənləşdirəcək".


Etiketlər:  Prezident İlham Əliyev Azərbaycan dünya birliyinin məsuliyyətli səmərəli üzvü kimi pandemiya ilə beynəlxalq səviyyədə mübarizəyə böyük töhfə verir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ