Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2020 16:57
Bakı. Trend:
7 may tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın daxili su hövzələrinin bioresurslarının mühafizəsi və bərpasına yönəlmiş yeni genişmiqyaslı layihənin icrasına başlanılıb.
İDEA İctimai Birliyindən Trend-ə bildirilib ki, İctimai Birliklə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən birgə həyata keçiriləcək “Zəngin hövzələr” layihəsi ölkənin müxtəlif yerlərində yerləşən göl və çaylara məxsus olan balıq növlərinin təbii populyasiyasının artırılması, o cümlədən ölkədə fəaliyyət göstərən özəl və dövlət balıqartırma zavodlarında yetişdirilən yüz minlərlə müxtəlif növ balıq körpəsinin suya buraxılması, eləcə də daxili su hövzələrində çirkləndirilmənin azaldılması, qanuni və məsuliyyətli balıq ovunun təşviqi üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
“Zəngin hövzələr” layihəsi çərçivəsində keçirilən ilk tədbir zamanı İDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrinin iştirakı ilə Qəbələ rayonundakı Nohurqışlaq gölünə 10 000 ədəd 50-70 qramlıq forel körpələri buraxılıb.
Layihə çərçivəsində keçiriləcək növbəti tədbir isə yerli gənc könüllülərin iştirakı ilə Kür çayının deltasının qadağan olunmuş ov vasitələrindən təmizlənməsi aksiyasından ibarət olacaq. Aksiya zamanı Kür çayı və onun sahillərini müxtəlif məişət tullantıları və balıqların kütləvi tələfinə səbəb olan sintetik balıqçılıq torlarından təmizlənməsi nəzərdə tutulur.
Son onilliklər ərzində qızılbalıq, nərə və digər nadir balıq növlərinin təbii populyasiyaları insan fəaliyyətinin mənfi təsirləri nəticəsində məhvolma təhlükəsi həddinə çatıb. Bununla əlaqədar, Leyla Əliyevanın rəhbərliyi ilə Azərbaycanın və Qafqaz regionunun su faunasının qorunması və bərpası üzrə bir sıra mühüm təşəbbüslər həyata keçirilir.
Qeyd edilməlidir ki, “Zəngin hövzələr” layihəsinin başlanğıcı balıqların kürütökmə dövrü ilə əlaqədar bu yaxınlarda elan olunmuş 4 aylıq moratoriuma təsadüf edir. Bununla əlaqədar, layihənin təşkilatçıları sənaye balıq ovu ilə məşğul olan hər kəsi bu müddətdə balıq ovlamamağa, balıq ehtiyatlarının artımının qarşısını alan bütün hərəkətlərdən imtina etməyə çağırır. Eyni zamanda, Azərbaycandakı yerli balıq növləri yetişdirən və layihəni dəstəkləmək istəyən balıqartırma müəssisələrindən [email protected] e-poçt ünvanı və ya 012 497 6316 telefon nömrəsinə müraciət edilməsi xahiş olunur.
Gəlin Azərbaycanın nadir və dəyərli su bioresurslarını, həssas ekosistemlərini birlikdə bərpa edək və qoruyaq!