Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2020 09:42
"Bu gün Azərbaycanla Rusiya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir".
Sonxeber.net xəbər verir ki, bu fikri Trend-ə açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
S.Fətəliyeva bildirib ki, Azərbaycanın qonşu dövlətlərlə xoş mərama əsaslanan siyasətinin müsbət təzahürlərini Rusiya ilə münasibətdə də görmək mümkündür.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibəsində iki ölkə arasındakı mövcud münasibətlər haqqında fikirlərini bölüşüb:
"Dövlətimizin başçısı qarşılıqlı siyasi əlaqələrimizin çox yüksək səviyyədə olduğunu qeyd edib. Cənab Prezident vurğulayıb: "Əlbəttə, pandemiya olmasaydı, biz əmtəə dövriyyəsini daha da artırardıq. Lakin əminəm ki, iqtisadi əlaqələrimiz lazımi səviyyədə olacaq. Bizim nəqliyyat-logistika sahəsində də böyük planlarımız var. Bu gün bizim fəal istifadə etdiyimiz Şimal-Cənub dəhlizi ilə yanaşı, Rusiyanın Şimal-Qərb nəqliyyat dəhlizinə qoşulması da bizi sevindirir. Rusiyalı yükgöndərənlər Azərbaycandan Avropa istiqamətinə gedən bu marşrutdan istifadə edirlər. Elektroenergetika sahəsində elektrik enerjisi mübadiləsi, habelə çoxtərəfli əməkdaşlıq baxımından böyük potensial var. Biz yüksəkvoltlu elektrikötürmə xətləri ilə bağlıyıq". Dövlətimizin başçısı neft-qaz sahəsində də əməkdaşlığın yaxşı vəziyyətdə olduğunu söyləyib, eləcə də humanitar əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb".
Millət vəkili bildirib ki, Azərbaycan və Rusiya həm yaxın qonşular, həm də mehriban dostlardırlar. Azərbaycanla Rusiya arasında müxtəlif istiqamətləri əhatə edən münasibətlər onilliklər ərzində sınaqdan çıxan tarixi ənənələrə söykənir. Ümumiyyətlə Azərbaycan-Rusiya əlaqələri çoxşaxəli səciyyə daşıyır. Həyatın elə bir sahəsi yoxdur ki, Azərbaycanla Rusiya sıx əməkdaşlıq etməsinlər. Azərbaycanla Rusiya arasında əməkdaşlığın yüksələn xətlə inkişafına iki ölkənin dövlət başçıları arasında formalaşan dostluq münasibətlərinin rolunu xüsusi vurğulamaq lazımdır. İki ölkənin dövlət başçıları və yüksək səviyyəli rəsmiləri mütəmadi görüşlər keçirərək əməkdaşlığın müxtəlif aspektlərini müzakirə edirlər. Təkcə ötən il Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putun bir neçə dəfə görüşüb.
O cümlədən, keçən ilin noyabr ayında respublkamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Rusiya Federasiyasına rəsmi səfəri iki dövlət arasında əlaqələrin inkişafına mühüm töhfə oldu. Bütün bunlar göstərir ki, iki ölkənin münasibətləri getdikcə möhkəmlənir və zamanın dəyişən çağırışlarına uyğun olaraq yeni çalarlarla daha da zənginləşir"- deyə, S.Fətəliyeva vurğulayıb.