Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 May 2020 03:30
Qlobal pandemiya zamanı, Azərbaycan da daxil olmaqla bütün dünyanın şirkət və təşkilatlarının əksəriyyəti öz işçilərinə evdən işləməyi tövsiyə edib. Lakin evdə olarkən iş proseslərində yaxından iştirak etmək, iclas və iş görüşlərinin keçirilməsi o qədər da asan deyil.
Evdən işləyənlərin biznes və əmək fəaliyyətini asanlaşdırmaq üçün 21-ci əsrin ən son nailiyyətləri və texnologiyaları gündəmə gəlir. İndiki dövrdə isə ən populyar və faydalı texnologiya video-konfrans proqramlarıdır, hansı ki ev şəraitində görülən işin effektivliyini maksimal dərəcədə artıra bilər.
Sonxeber.net kaspi.az-a istinadən bildirir ki, son aylarda video-konfrans proqramları arasında dünyada ən böyük rəğbət qazanan "Zoom" tətbiqetməsidir. Karantin zamanı bu proqram dünya üzrə milyonlarla insan tərəfindən onlayn iclaslar və konfranslar üçün istifadə olunur. "Zoom", 100 nəfərə qədər iştirakçının eyni vaxtda iclasa qatıldığını təmin etməklə yanaşı, şəkillərin və faylların asanlıqla digər iştirakçılara göndərilməsi funksiyasına və başqa üstünlüklərə malikdir.
Həmçinin, evdə qalarkən iş yoldaşları arasında əlaqəni asanlaşdırmaq üçün nəzərdə tutulmuş "Microsoft Teams" proqramı da populyarlıq qazanıb. Əlbəttə ki, ev şəraitində işləmək və hətta dostlarla ünsiyyəti dayandırmamaq üçün ənənəvi "Skype" və "Skype for Business" tətbiqetmələri da faydalı ola bilər.
"Google" şirkəti isə bu tendensiyanı dəstəkləyərək özünün "Google Hangouts Meet" tətbiqetməsini təqdim edib. Bu proqram yüksək keyfiyyətli video və audio görüşlərdə 250 nəfərə qədər iştirakçının qatılmasına imkan yaradır. Həmçinin, bu tətbiqetmə "Google"un "nitqdən-mətnə" texnologiyasını da təmin edir, bu isə iclasda iştirak etməyən, lakin onun gedişatından xəbərdar olmaq istəyən istifadəçilər üçün çox faydalıdır.
Qeyd edək ki, bütün bu tətbiqetmələr Azərbaycanda da geniş şəkildə istifadə olunur və "Google Play" və "Appstore" vasitəsilə əldə oluna bilər.