Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Missiyasını Londonda yerinə yetirən azərbaycanlı - Soydaş - FOTO

Missiyasını Londonda yerinə yetirən azərbaycanlı - Soydaş - FOTO

Tarix: 10 May 2020 19:22

Günel Ağayeva: "İnsanlar qanunlara cəzalandırılmaqdan qorxduqları üçün yox, mədəni olduqları üçün riayət edirlər"

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir. 

Missiyası insanlara faydalı olmaqdır. Ona görə, insan dünyaya gəlirsə, nəyisə dəyişə bilmək iqtidarında olur. Məqsədlərinə çata bilməyən, motivasiyası düşən, həyatdan küsənlərə səsini çatdırmaq istəyir. Ən böyük nümunəsi isə elə özüdür. Düşünür ki, həyatda çıxış yolu həmişə var.

"Soydaş" rubrikamızın qonağı Londonda sosial işlə (fiziki məhdudiyyətli və qayğıya möhtac insanlara qayğı) məşğul olan Günel Ağayevadır.

Qubada anadan olub.13 il Rusiyada yaşadıqdan sonra yenidən doğulduğu rayona qayıdıb və məktəbi orada bitirib. Qubadan sonra isə Bakı həyatı başlayıb: "Məktəbi bitirdikdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə ödənişli əsaslarla qəbul oldum. Amma ailə üzvlərim ödənişsiz təhsil aldığımı bilirdilər. Təhsil haqqını ödəmək üçün işləyirdim. Bir gün qaiblərim çox olduğu üçün rektorun qəbuluna getdim və qaiblərimi bağışlayıb, qiyabi təhsilə keçməyimdə mənə dəstək oldu. İlk rəsmi işim xəzinədar işi oldu. Burada işləyə-işləyə universiteti  bitirdim, ilk Avropa turuma çıxdım. Daha sonra turizm sahəsində təcrübəçi kimi çalışdım. Stabilliyi sevən deyiləm. Hədsiz dərəcədə inkişaf etmək istəyirəm. Ona görə də, oradan çıxdım Rabitə Nazirliyinin "Şəbəkə" adlı qurumunda işə düzəldim. Daha sonra "Silkvay" travel şirkətində karyerama davam etdim. Elə Azərbaycanda sonuncu iş yerim bura oldu. Arzum xaricdə yaşamaq idi. Ölkəmizlə bağlı şikayətim yoxdur, çünki burada sıfırdan başlayaraq böyük uğurlara nail oldum. 2015-ci ildən səyahətə başladım və başqa ölkələrin mədəniyyətini öyrənmək, öz dostlarımla bölüşmək, faydalı olmaq istəyirdim".

- Nə üçün ödənişli təhsil aldığınızı ailənizdən gizlətdiniz?

- Aztəminatlı ailədə böyümüşəm. Əslində Rusiyada çox yaxşı imkanlarımız var idi, lakin ailə vəziyyətimizdə problemlər yarandı. Bilirdim ki, ödənişli təhsil almağıma icazə verməyəcəklər. Çünki o pulu ödəməyə imkan yox idi. İkinci səbəb isə ailə üzvlərimin şan-şöhrət sevən olmasıdır. Həmişə istəyirdilər ki, yüksək balla, ödənişsiz təhsil alım. Ailəmin məndən gözləntiləri çox olub. Bundan əlavə, valideynlərim ailə qurmağım üçün çalışır, müəyyən yerdən elçilər də çıxırdı. Artıq taleyim bəlli idi. Ödənişli təhsil alacağımı bildirsəydim və  ailəm də "təhsil haqqını ödəyə bilmərik" desəydi, məni nələr gözlədiyini bilirdim. Buna görə, ailəmdən gizlətdim. Həyatla bağlı planlarım var idi və ailə qurmaq istəmirdim. Uşaqlıqdan aktiv, işləməyə meyilli idim. Ailəmin maddi vəziyyəti son dövrlər yaxşı olmadığı üçün onlara dəstək də olmaq istəyirdim. Məktəbdə bizim müəllimimiz var idi. O öz oğlanları, onların uğurları haqqında danışar və övladlarına dəstək olardı. Həmişə içimdə xoş bir paxıllıq hissi olurdu ki, kaş, mənə də belə dəstək olardılar. Amma heç vaxt bu, baş vermədi. Valideynlərim ailə təhsilli deyildilər və zamanında bu, özünü göstərdi. O vaxt mümkünsüz görünsə də, istəyirdim ki, həyatda nailiyyətlərim olsun.

- Mümkünsüz görünsə də, xəyallarınızın ardınca gedibsiniz. Maraqlıdır, motivasiya mənbəyiniz nə idi?

- Düşünürəm ki, insan övladı dünyaya müəyyən missiya üçün gəlir. Hətta insanlar dünyaya övlad gətirəndə belə, cəmiyyətə faydalı olmasına çalışır. Həyatımda müəyyən periodlar olub ki, özümü tək hiss etmişəm. İçimdə o hiss olub ki, mən irəli getməliyəm, elə yerə çatmalıyam ki, səsimi, indi mənim kimi tək hiss edən adamlara eşitdirə bilim. O insanlara ki, onların köməyə ehtiyacı var və çıxılmaz vəziyyətdədirlər. Motivasiyam daha çox görmək, tanımaq, həyat necədir bilmək və yəqin ki, yaşadığım çətinliklər idi. Çətinliklərimdən öyrəndim. Ən pis vəziyyətimdə belə, daxilimdəki səsə güvənirdim. O səslə birlikdə mübarizə apardıq. Mən xəyalpərəstəm və xəyal qurmaqdan çəkinməmişəm. Həyatı dərk etməyəndə xəyalpərəstliyi qüsur bilirdim. İndi başa düşürəm ki, bu xüsusiyyətim çox böyük üstünlüyüm olub. İstənilən çətin anda xəyallarımı düşünmüşəm və ona doğru getmişəm. Mütləq həyatda hər şey alınır. Hamımız daşıyacağımız yükə sahibik. Biz heç birimiz fərqli deyilik. Sadəcə, bəzilərimiz xəyallarımızdan əl çəkir, gücsüz oluruq. 1-2 gün gücsüz olandan sonra başa düşməliyik ki, bizim missiyamız və içimizdə gözəl insan var. O insan yaşamalıdır və insanlar onu tanımalıdır.

- Bəs Qubadan Londona gedən yol necə başladı?

- Londondakı işim haqqında eşitmişdim. Azərbaycanda müəyyən insanlar var idi ki, bu iş yerinə calaşdırmaq üçün məvacib istəyirdilər. Mənim pulum yox idi və şirkətin detallarını da bilmirdim ki, maraqlanım. Bir gün araşdırmağa başladım. Oraya göndərdikləri adamlardan biri rəfiqəmin tanışı idi. O oğlana yazdım. Onun sosial şəbəkələrdə bəyəndiyi səhifələri araşdırdım. Bilirdim ki, iş fiziki məhdudiyyətli insanlarla bağlıdır. Azərbaycanda yaxın dostum olan Həsən fiziki məhdudiyyətlidir. Onun cəmiyyətdəki rolundan sonra bu sahə mənə daha da maraqlı gəldi. Amma tez alınmayacağını da anlayırdım. İllər keçdi və mən nişanlımla tanış oldum. O, Amerikada yaşayırdı. Azərbaycana gəldi və qərara gəldik ki, hansısa ölkəyə gedək. Həm də istəyirdik ki, əcnəbi ölkədə gücümüzü sınayaq. "Tək yaşaya bilərikmi?" sualına cavab axtarırdıq. Ətrafımdan ancaq bunları eşidirdim: "çətindir", "alınmayacaq", "xaricdə çörəyə yağ, bal sürtməyiblər". Biz də risk etdik. Gecə ilə Gürcüstana bilet aldıq. Orada yaşamağa başladıq və iş də tapdıq. Gündə 50 yerə CV göndərirdim. Bu period ərzində Londondakı işlərə mail göndərdik. Çox testlərdən keçdik. Müsahibələrimiz oldu. Daha sonra viza üçün müraciət etdik. 10 gün sonra cavab gəldi. Cavab tez gəldiyi üçün pis oldum, düşündüm ki, imtina gəlib. Amma gözlədiyim kimi olmadı və mən uşaqlıq arzumu reallaşdırdım.

- London həyatı gözlənildiyi kimi çətin oldumu? Xaricdə çörəyə yağ, bal sürtdülər, yoxsa...

- O qədər də asan olmadı. Əslində Londona gələndə bilirdim ki, fiziki məhdudiyyətli insanlarla işləyəcəyəm. Amma gözləntilərim fərqli idi. İlk iş günündə nişanlıma dedim ki, qayıtmaq istəsən, mənə de. Artıq fikirlərim dəyişirdi. İlk bir ay çox çətin gəldi. Biz işdə fiziki məhdudiyyətli insanları rəsm dərslərinə, bağça kimi yerlərə aparır, lazım gələndə yemək bişirir, qulluq edirik. İşimi biləndə azərbaycanlı dost-tanışlarım dedi ki, gedib orada "xəstələrə" baxacaqsınız? Bu fikir mənə çox pis təsir etdi və ilk bir ay bunu hiss edirdim. Bir gün bu vəziyyət dəyişdi. İşlədiyim insanlardan biri epilepsiya xəstəsi idi və aqressiv olurdu. Hamı o insandan çəkinirdi. O, üstünə su dağıtdı və çox sərt şəkildə qışqırdı. Hami dedi ki, sakitləşsin, sonra yaxınlaşaq. Mən də düşündüm ki, axı bunun qışqırmağına səbəb var. Qorxa-qorxa qadını götürdüm və əynini dəyişdirdim. Bu zaman qolumu pis şəkildə dartdı, qorxdum ki, yəqin səhv etdim. Sonra gördüm ki, o qolumu dartıb qucaqlayıb və gülümsəyir. Bu məqamda mən ağlayırdım. O an London həyatım dəyişdi. Başa düşdüm ki, həyat missiyam budur. Digər insanların fikir vermədiyi xırdalıqlara baxdım və işim mənə zövq verdi. Bu sahəni öyrəndikdən sonra Azərbaycanda da tətbiq etməyi çox istərdim. Hazırda buradakı işimizlə bağlı "instagram" səhifəmdə (guniaghayeva) faydalı postlar paylaşmaq və insanlara kömək etmək istəyirəm.

- Bəs sizi nağıllar ölkəsində nələr təəccübləndirib?

- Londonda çox ciddi qayda-qanun var. Amma heç nə sərt deyil. İnsanlar qanunlara, cəzalandırılmaqdan qorxduqları üçün yox, mədəni olduqları üçün riayət edirlər. Hədsiz dərəcədə mədəni və aristokrat insanlar var. Mənə görə London aristokratiya şəhəridir. Londonun bir hissəsində sakit, bir hissəsində çox qarışıq həyat görə bilərsiniz. Küçələrin təmizliyi, maşınların dayanması mənə zövq verir. İnsanların evdə ayaqqabı ilə gəzmələri ilk vaxtlar xoşuma gəlmirdi. Sonra çöldən gələndə gördüm ki, küçələr o qədər təmizdir ki, ayaqqabımın altında çirk olmur. Yolda tanımadığınız insan sizə ürəkdən gülümsəyir. Bu, gözəl hissdir. Ən əsası, idmanla çox məşğul olur, sağlamlıqlarını qoruyurlar. Burada da mənim problemim yaranır. Sağlam qidalandıqları üçün duzsuz, yağsız yeyirlər və dadlı yemək tapmaqda çətinlik çəkirəm. Dadlı yemək sevdalısıyam. Ümumiyyətlə, Azərbaycan mətbəxi dünyada bir nömrədir. Nənəm kənddə dadlı çolpa bişirərdi, yeyərdik. Onun dadını heç yerdə ala bilmirəm. Onlar üçün də bişirirəm və yeməklərimizin dadlı olduğunu təsdiqləyirlər. Səhiyyə sistemi pulsuzdur. Bir çox azərbaycanlı bunu bəyənmir. Çünki burada siz birdən-birə "mənim hər yerim ağrıyır" deyib, həkimə gedə bilməzsiniz. Terapevtiniz sizə baxmalıdır, müalicə yazmalıdır. Sizə maksimum 2 dərman yazırlar. Hətta bəzən onu da etmirlər, səni evə göndərir, deyirlər ki, bu problem öz-özünə düzələcək.

- Koronavirusla necə mübarizə aparırsınız?

- Ölkə karantindədir. Biz sosial sahə ilə məşğul olduğumuz üçün işə gedirik. İnsanları cəzalandırmırlar, pul cəzası hələ ki, yoxdur. İnsanlar özləri çölə çıxmağa çalışmır, məsafələri qoruyurlar. Siz idman üçün çölə çıxa bilərsiniz. Şərtlər o qədər də sərt deyil. Parklarda kifayət qədər insanlar olur. Amma qeyd etdiyim kini, Londonda insanlar sağlamlıqlarına həssas yanaşdıqları üçün qadağasız da sosial məsafəyə riayət edirlər.

Milli.Az


Etiketlər:  Missiyasını Londonda yerinə yetirən azərbaycanlı Soydaş FOTO


RƏYLƏR