Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hollandiyada İT təchizatı üzrə menecer işləyən azərbaycanlı xanım - FOTO

Hollandiyada İT təchizatı üzrə menecer işləyən azərbaycanlı xanım - FOTO

Tarix: 10 May 2020 19:34

Fəridə İsmayılova: "Çalışdığın sahəni sevmirsənsə, qazanacaqsan, amma xoşbəxt olmayacaqsan"

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Məqsədyönlü olmaq, nə istədiyini bilmək, planlamaq, gördüyün işə fokuslanmaq və çox çalışmaq onun uğur sirridir. Uğursuzluqdan isə qorxmur. Ona görə insan karyera yolunda uduzacaq da, udacaq da... Əsas nə istədiyini bilmək və məqsədlərinin ardınca getməyi bacarmaqdır.

Müsahibimiz Hollandiyada Liberty Global beynəlxalq telekommunikasiya şirkətində beynəlxalq İT təchizatı üzrə menecer Fəridə İsmayılovadır.

Bakıda doğulub, böyüyüb. Orta məktəbi bitirdikdən sonra Slovakiyada Bratislavanın İqtisad Universitetində Beynəlxalq İqtisadi Münasibətlər üzrə bakalavr, daha sonra magistr təhsili alıb. 2012-2013-cü ildə Erasmus proqramı ilə Parisdə ESCE International Business School məktəbində beynəlxalq biznes kursu keçib. Daha sonra Hollandiyanın ən nüfuzlu təhsil müəssisələrindən biri olan Tilburq Universitetində təchizat zənciri üzrə kurs bitirib. Azərbaycanda aparıcı mobil operatorun təchizat şöbəsində baş alıcı işlədikdən sonra karyerasına Hollandiyada davam edib.

- Fəridə xanım, adətən İT sahəsinə qızların marağı az olur. Peşə və iş seçiminizdə hansı meyarları üstün tutdunuz?

- Bütün dünyada digər sahələrdə olduğu kimi, İT sahəsində də balansın olmadığı müşahidə edilir. Bunun səbəblərindən biri İT ilə bağlı qadınlarda kifayət qədər informasiyanın olmaması və bu sahənin bəzi qadınlar arasında kişilərin sahəsi kimi tanınmasıdır. Təbii ki, bunlar stereotipdir. Qadınlar da istənilən peşədə kişilər qədər uğurlu ola bilərlər. Qadın və kişi olmasından asılı olmayaraq, əgər insan özünə inanırsa, daim öz üzərində işləyib dəqiq biliklərə yiyələnirsə, inkişafdadırsa, mütləq yaxşı nəticə olacaq. Hazırda İT təchizat sahəsində kifayət qədər qadın var. Bu sahəni seçməyimə səbəb isə perspektivli və maraqlı olmasıdır. Çünki bu peşədə insan hər dəqiqə yeni məlumat öyrənə bilir. Öyrənmək instinkti məni bu peşəyə gətirdi.

- Azərbaycanda karyera quranda hansı çətinliklərlə üzləşmisiniz ki, Avropada onlar yoxdur və Avropada hansı məqamlar var ki, bu azərbaycanlılara çətinlik yaradır?

- Azərbaycanda işlədiyim şirkətlərdə şanslı idim və xüsusi çətinliklərlə üzləşməmişəm. Rəhbərim məni dəstəkləyib. Amma ümumilikdə deyə bilərəm ki, gənclər üçün ən böyük problem bəzi şirkətlərdə xüsusilə, yaşlıların gənclərin rəhbərliklərini, onlardan çox bildiklərini qəbul etməməsidir. Yəni əgər sənin yaşın azdırsa, deməli, səndən yaşca böyük insan daha çox bilir. Bu, təbii ki, belə deyil. Əsas olan özünə inanmaqdır. Əgər sən özünə inanırsansa, hamı sənə inanacaq. Gənc belə nüanslarla rastlaşanda, özünü sübut etməlidir və göstərməlidir ki, yaşının az olması, işi bilməsinə əngəl deyil. Ortaya yaxşı ideya qoyanda, onsuz da istər yaşlısı, istər gənci hər kəs səni dəstəkləyir. Avropada isə ən böyük çətinlik viza ilə bağlıdır. Çünki sənin vizanı ancaq böyük şirkətlər dəstəkləyir. Azərbaycandan gələnlər üçün bu ən böyük problemdir və iş tapmaqda çətinlik çəkirlər.

- Sizcə, peşə seçərkən nələrə diqqət edilməlidir? Peşə populyar və pul gətirən olmalıdır yoxsa, zövq və mənəvi rahatlıq verməlidir?

- Mənə görə, peşə ilk növbədə sənin üçün maraqlı olmalıdır. Çünki hər gün o işlə məşğul olacaqsan və sənin maraq dairəndə olmasa, bezəcəksən. Bezdirici iş isə heç vaxt uğur gətirmir. Ən əsası isə maraq dairəndə olmayan işlə məşğul olarkən,  xoşbəxt olmursan. Peşə nə qədər pul gətirsə də, əgər o sahəni sevmirsənsə, qazanacaqsan, amma xoşbəxt olmayacaqsan. İnsanların çoxu səbirsizlik edərək qısa bir zamanda çoxlu pul qazanmaq istəyirlər. Peşə seçimi aparmadan, sevdiyi və maraqlı işini axtarmadan yalnız pul qazanmaq üçün işləyirlər. Bu çox böyük səhvdir. Əlbəttə, maddiyyat böyük vasitədir, amma hər şey deyil. Belə insanlar çoxlu pul qazansalar da, üzləri gülməz, xoşbəxt və rahat olmazlar. Yəni insan bir müddət səbir etsə, öz peşəsini möhkəmləndirsə, tədricən istədiyi maddiyatı da qazanacaq. Amma həqiqi peşə sahiblərinin  birinci hədəfləri maddiyyat olmayıb. Öz peşəsinin vurğunu olan insanların hədəfi öz bacarığını ortaya qoyub rahat olmaq, inkişaf etmək və insanlara fayda verməkdir. Çoxlu pul isə sonradan gəlir. İşini sevmək puldan da vacibdir. Təbii, maddi tərəfi də fikirləşmək lazımdır. Çünki yaşamağa pul lazımdır. Bəzi insanlar da var ki, pula görə işləyirlər, amma hobbi kimi də başqa işlə məşğul olurlar. Ortaq nöqtəni tapmaq lazımdır. Mən hazırda olduğum sahədən çox razıyam. Çünki həm pul gətirir, həm də məni xoşbəxt edir.

- Həyatınızın demək olar ki, 10 ilini təhsil və peşə hazırlıq kurslarına sərf etmişsiniz...

- Təhsil karyerada çox əhəmiyyətlidir. Amma yaxşı qiymət almağa görə, oxumaq lazım deyil. Yüksək qiymət, qırmızı diplom heç nəyi dəyişdirmir. Sənin məqsədin ancaq yüksək qiymət almaq deyil, məhz öz marağına görə bilik almaq olmalıdır. Əgər qiymətə görə oxuyursansa, o təhsildən heç nə əldə edə bilməyəcəksən. Təhsil müddətində ola bilməz ki, bütün fənlər sənə maraqlı olsun. Aşağı qiymət mütləq alacaqsan. Ona görə motivasiyadan düşmək olmaz. Əsas odur ki, oxuduğun məlumatlar yadında qalsın və nəyisə təcrübədə istifadə edə biləsən. Ancaq nəzəri öyrənmək, hansı ki, onlar sənə lazım olmayacaq, ona görə dəridən-qabıqdan çıxmaq vaxt itkisidir.

- Bəs uğurun sirri təhsildən keçirmi?

- Təhsil çox vacibdir. Bunun fərqində olduğum üçün bakalavr da oxudum, magistr da. Hətta doktorantura təhsili də almaq istəyirdim. Sonra fikirləşdim ki, bu sahədə qalmaq istəmirəm. Amma gələcək karyeranda tək təhsillə uğur qazana bilməzsən. Yəni deyə bilməzsən ki, bu təhsili alsam, istədiyim iş alınacaq. Əlbəttə, bu, belə deyil. Təhsil qədər vacib olan bir neçə faktor var. Məsələn, ən əsası proaktivlikdir. Proaktiv insanlar məsuliyyətdən qaçmırlar, hətta əksinə - məsuliyyəti öz üzərlərinə götürürlər. Sənin çox yaxşı təhsilin ola bilər, amma özünü sübut edə bilməsən, aldığın təhsil heç bir rol oynamayacaq. Ona görə sən aktiv olmalısan. Bundan əlavə, işlədiyin sahədə özünü inkişaf etdirməlisən. Mənim təchizata marağım var idi. Buna görə kurslara gedir, sertifikatlar alırdım. Daim işlədiyim sahəni araşdırır, öyrənirdim. İndi də İT sahəsində özümü inkişaf etdirirəm. Uğur qazanmaq istəyirsənsə, bir yerdə dayanmalı deyilsən. Özünü inkişaf etdirməli, əlavə biliklər almalısan. Xüsusilə öz sahəndə dünyada baş verənlərdən xəbərdar olmalısan. Yeniliklərə uyğunlaşmağı bacarmalısan.

- Fəridə xanım, Azərbaycan ailələri mühafizəkar olur. Xüsusilə, qız uşaqlarını gözlərindən kənar qoymağa çəkinirlər. Bəs sizdə necə idi? Bu barədə narahatçılıq keçirən ailələrə nə demək istərdiniz?

- Bəli, bilirəm ki, belə problem var. Bizim ailədə atam xaricdə oxumağımı dəstəkləyirdi, anam isə məndən ayrı qalmamaq üçün istəmirdi. Amma nəticədə mən təhsil və iş üçün xaricə yollandım. Məncə, bu, belə tənzimlənməli deyil. Gənc özü istədiklərini bilməli və seçməlidir. Valideynlər də övladlarının fikrini dəstəkləməlidirlər. Onların qorxularını anlaya bilmirəm. Övladının başına pis hadisə gələcəksə, valideynin yanında da gələ bilər. Bu, bəhanədir. Xaricdə oxuyanda gələcək karyeranda daha yaxşı təhsil, bilik, imkanlar əldə edirsən. Karyera qapıların açılır. Ona görə də, heç kim qorxmalı deyil. Necə deyərlər, qorxan gözə çöp düşər. Uşaqlar peşman olsalar belə, öz seçdiklərinə görə peşmanlıq yaşasınlar. Bu, ancaq qızlara aid deyil, oğlanlara da aiddir. Valideynlər darıxırlar, buraxmırlar bunu anlayaram. Amma oğlanlara icazə verib, qızlara icazə verilməməsi diskriminasiyadır və qəbuledilməzdir.

- Gender problemi yalnız ailələrdə deyil, rəhbər vəzifələrdə də qarşımıza çıxır. Sizcə, kişilərin dominant olduğu bir cəmiyyətdə qadınların yüksək vəzifələrdə işləməyinə maneə törədən mühakimələrdirmi, yoxsa problem qadınların öz davranışlarındadırmı?

- Qadınların davranışlarında problemlər yoxdur. Hətta sübut olunub ki, qadınlar idarəçilik, menecer, siyasi pozisiyalarında kişilərdən daha uğurludur. Məsələn, Anna Vintur dünyaca məşhur Vogue jurnalının baş redaktorudur. Çox uğurlu qadındır. Belə misallar kifayət qədərdir. İnsanların stereotiplərini qırmaq lazımdır. Biz hər zaman cinslərin zəifliklərini axtarırıq. Sən zəifsən bunu edə bilməzsən, yaxud güclüsənsə daha yaxşısan. İnsanları onların zəifliklərinə görə deyil, bacarıqlarına görə dəyərləndirmək lazımdır. Əlbəttə, bu gün bütün ölkələrdə az da olsa, bu problem olaraq qalır. Amma dəyişiklikləri də gözardı etmək olmaz. Artıq vəziyyət dəyişir. Bizim ölkədə də kifayət qədər uğurlu rəhbər qadınlar var. Bu sevindiricidir. İşdə uğurlu olmaq insanın istedadından, bacarığından asılıdır. Biz də çalışmalıyıq ki, gender problemi qalmasın. Mən hansısa işi görmək istəyəndə, heç vaxt cins məsələsini düşünmürəm.

- Karyeranızın başlanğıcında Brusseldə Avropa Parlamentində təcrübə keçmişiniz. Həmin dövr sizin üçün necə yadda qalıb?

- Çox maraqlı təcrübə idi. Orada maraqlı insanlarla tanış oldum. Həm iş, həm da yeni təəssüratlar baxımdan çox yaddaqalan oldu. Müxtəlif ölkələr və mədəniyyətləri təmsil edən maraqlı insanlarla təcrübə keçmək məni mənəvi olaraq zənginləşdirdi. Dostluqlarım indi də davam edir.

- Uğursuzluqla qarşılaşanda özünüzü necə motivasiya edirsiniz?

- Unutmaq lazım deyil ki, elə bir insan yoxdur ki, uğursuzluqla qarşılaşmasın. Elə insan yoxdur ki, hər an xoşbəxtdir və bütün həyat boyu işləri düzgün şəkildə irəliləyir. Belə halla rastlaşanda insan motivasiyadan düşməməlidir. Fikirləşməlidir ki, niyə belə oldu? Səbəbi tapıb düzəltməlisən. Onsuz da nəyəsə nail olmaq istəyəndə birinci dəfədən alınmır. İstədiyin, məqsədin üçün mübarizə aparmalısan. Çox az misal var ki, ilk CV-dən arzuladığın vəzifəyə nail olursan. İnsan anlamalıdır ki, həyat mübarizədir və bir gün uduzanda, o biri gün qazanacaq. Ona görə də özünü motivasiya etməlidir. Uğursuzluqla qarşılaşanda yanında səni dəstəkləyən insanların olması vacibdir. Məndə belə hadisə olanda, həyat yoldaşım çox dəstək olur. Onunla danışmaq məni depressiyadan çıxarır. Çünki belə vəziyyətdə insan emosional olur və düzgün qərarlar qəbul etməmək şansı daha çoxdur. Yoldaşım mənə məsləhət verir və onun məsləhəti ilə belə vəziyyətlərdən çıxırıq. Ən böyük motivatorum həyat yoldaşımdır.

- Ənənəvi sualımız, uğur sirriniz nədir?

- Məqsədyönlü olmaq, nə istədiyini bilmək, planlamaq, gördüyün işə fokuslanmaq və çox çalışmaq. Nəticəyə fokuslanmaq və gələcəkdə bu nəticənin faydalı olduğunu düşünmək bizi gücləndirir və daha çox çalışmağa başlayırıq. Karyerada uğurlu olmaq üçün əsas aktiv olmalı, yeniliklərə açıq olmalı, daim öyrənməlisən. Ən əsası dəyişikliklər etməkdən qorxmamalısan.

Milli.Az


Etiketlər:  Hollandiyada İT təchizatı üzrə menecer işləyən azərbaycanlı xanım FOTO


RƏYLƏR