Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Rəsmi Vaşinqton Azərbaycanda gedən prosesləri diqqətlə izləyir və onları təqdir edir''

''Rəsmi Vaşinqton Azərbaycanda gedən prosesləri diqqətlə izləyir və onları təqdir edir''

Tarix: 15 May 2020 17:30

"Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Respublika Günü münasibətilə Azərbaycan Prezidenti və Azərbaycan xalqını təbrik edib. Onun təbrik məktubunda səslənən bir sıra ifadələr bir daha onu göstərir ki, rəsmi Vaşinqton Azərbaycanda gedən prosesləri diqqətlə izləyir və onları təqdir edir, müdafiə edir".

Bunu Sonxeber.net-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

O, Donald Trampın bu məktubla dövlətin, onun rəhbəri cənab İlham Əliyevin sözünün böyük məna və çəkiyə malik olduğunu dilə gətirdiyini bildirib:

"Xüsusi ilə də Amerika Prezidenti Azərbaycanla münasibətlərinin, əməkdaşlığın yüksək səviyyəsindən bəhs edərkən "iki böyük dövlət, iki böyük xalq" ifadəsi işlədir. Bəli, bu bir həqiqətdir ki, ABŞ nəhəng, fövqəl dövlətdir və bu reallıq fonunda Azərbaycan xalqına da "böyük dövlət və böyük xalq" ifadəsi işlətməsi onun göstəricisidir ki, Azərbaycanın atdığı addımlar Birləşmiş Ştatlarda yüksək qiymətləndirilir. Bu məqamda Azərbaycan Prezidenti cənab İlham Əliyevin sözlərini xatırlatmaq yerinə düşər. Dövlətimizin başçısı da dəfələrlə çıxışlarında qeyd edib ki, "Azərbaycan dünya miqyasında elə də böyük dövlət deyil, lakin onun sözünün mənası və çəkisi böyükdür". Hesab edirəm ki, ABŞ prezidenti Donald Tramp Azərbaycan dövləti və xalqına münasibətdə də "böyük" ifadəsi işlətməklə əslində bu dövlətin, onun rəhbəri cənab İlham Əliyevin sözünün böyük məna və çəkiyə malik olduğunu dilə gətirmiş olur. Xüsusilə də Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyinin təminatındakı roluna yüksək qiymət verir. Birləşmiş Ştatlar üçün demokratiya, söz azadlığı kimi məsələlərə xüsusi önəm kəsb etdiyi bir reallıqda Azərbaycanın həmin istiqamətlərdə atdığı addımlar da təqdir olunur və bundan sonra da həmin istiqamətdə atılacaq addımların müdafiə olunacağı ilə bağlı mövqe ifadə edilib". 

Elman Nəsirov ABŞ prezidentinin Azərbaycanın müstəqilliyini, suverenliyini bir daha müdafiə etməsi ilə bağlı fikirlərinin səslənməsinin böyük siyasi əhəmiyyətinin olduğunu qeyd edib:

"Nəzərə alsaq ki, bu sözlərin müəllifi dünyanın fövqəl dövlətinin rəhbəridir və eyni zamanda bizim ən böyük problemimiz olan Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən birinin rəhbəri işlədir. Bu, eyni zamanda münaqişənin həlli ilə bağlı prosesdə Azərbaycanın mövqeyinin Birləşmiş Ştatlarda müdafiə edilməsi ilə bağlı anlamını özündə ehtiva edən bir məsələdir. Xüsusi ilə də ABŞ-ın Minnesota ştatının qondarma Dağlıq Qarabağ rejiminin "müstəqilliyinin" tanınması ilə bağlı son qəbul etdiyi qeyri-qanuni qərar fonunda ABŞ prezidentinin Azərbaycanın müstəqilliyini, suverenliyini bir daha müdafiə etməsi ilə bağlı fikirlərinin səslənməsinin böyük siyasi mənası və əhəmiyyəti vardır".

Qeyd edək ki, ABŞ Dövlət Departamentindən Minnesota ştatının Senatı tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "tanınması" barədə qətnamə qəbul edilib.

Təhməz Təkin


Etiketlər:  Rəsmi Vaşinqton Azərbaycanda gedən prosesləri diqqətlə izləyir onları təqdir edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ