Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2020 09:20
Bakı. Trend:
İki aylıq fasilədən sonra bu gün Almaniya milli çempionatı bərpa olunur.
Trend xəbər verir ki, 26-cı turun oyunları üç gün davam edəcək. Tura ilk oyunun maraq doğuran görüşlərindən biri “Signal İduna Park” stadionunda baş tutacaq. "Borussiya Dortmund" öz meydanında “Şalke" komandasını qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.
Turun eyni vaxta başlayan görüşlərində "Leyptsiq" "Frayburq"u, "Auqsburq" "Volfsburq"u, "Fortuna Düsseldorf" "Padeborn"u, "Hoffenhaym" "Herta"nı qəbul edəcək. Günün sonuncu görüşü saat 20:30-da "Ayntraxt Frankfurt” və "Borussiya Mönhenqladbax” arasında baş tutacaq.
Mayın 17-də "Köln" "Maynts"ı, "Bavariya" isə “Union Berlin"i qəbul edəcək. Tura mayın 18-də keçiriləcək "Verder" - "Bayer Leverkuzen" oyunu ilə yekun vurulacaq.
Almaniya Futbol Federasiyası klubların rəhbərliyi və assosiasiya nümayəndələri ilə keçirdiyi videokonfransda bir sıra qərarlar qəbul edib.
Birinci və İkinci divizionlarda keçirilən oyunlarda beş əvəzetmə olacaq. Bu qərar iki ay fasilədən sonra futbolçuların zədələnməsi riskini azaltmağa imkan yaradacaq.
Həmçinin iclasda mövsümün tamamlanmaması qərara alınarsa və mövsüm yenidən dayandırılarsa, turnir cədvəlindəki yerlərin bölüşdürülməsi barədə qərar iki həftə ərzində veriləcək. Bundan əlavə, lazım gələrsə komandalar digər stadionlarda oyun keçirə bilərlər.
Qarşılaşmalarda meydan və tribunalarda olmaqla, 322-dən çox şəxs iştirak edə bilməyəcək. Komandaların stadiona gəlişləri ciddi nəzarətə götürüləcək. Futbolçular meydana girərkən məsafəyə ciddi əməl etməlidirlər. Oyundan əvvəl kollektivin foto və əlsıxması ləğv olunub. Mövsümün sonunadək bütün görüşlər azarkeşsiz keçiriləcək.
Qeyd edək ki, hazırda turnir cədvəlinə son 7 ilin çempionu "Bavariya" 55 xalla başçılıq edir. Dortmund "Borussiya"sı 51 xalla ikinci, "Leyptsiq" 50 xalla üçüncüdür. Turnir cədvəlini 18 xalla "Verder" və 16 xalla "Paderborn" qapayır.