Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məscidlərdə bayram namazının qılınması mümkündürmü? - QMİ-dən AÇIQLAMA

Məscidlərdə bayram namazının qılınması mümkündürmü? - QMİ-dən AÇIQLAMA

Tarix: 16 May 2020 18:32

"Nazirlər Kabineti yanında Operativ Qərargahın 10 nəfərdən artıq adamın bir yerə toplaşmamaq qadağası qüvvədə qaldığı üçün məscidlərdə bayram, cümə və camaat namazlarının bərpası mümkün deyil". 

Sonxeber.net bildirir ki, bunu APA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev deyib.

Onun sözlərinə görə, qərar qüvvədə qaldığı müddətdə bayram namazını camaatla birgə qılmaq imkanı yoxdur: "Camaat namazları məscidlərdə bərpa olunduqdan sonra insanlar məscidlərdə yenidən birgə namaz qıla bilərlər. Şəriət qanununa görə bayram namazı kütləvi qılınmalıdır. Şəriət baxımından hətta bildirilir ki, bayram namazı açıq səma altında qılınmalıdır. Bizdə belə şərait olmadığına görə, hər il bayram namazlarını məscidlərdə qılırdıq. Koronavirusun yayılmasına görə dünyanın bütün müsəlman ölkələrində cümə, camaat namazları təxirə salınıb. İnsanlar bayramda ailəvi bayramlaşa biləcəklər, bir-birlərini təbrik edə biləcəklər, amma bayram namazının qılınması vacib deyil. Bir insanın evində 3-5 adamla birgə bayram namazı qılmasına ehtiyac yoxdur. 

İnsanlar Ramazan bayramında ailə başına hər bir adam üçün 3 kq ərzaq və ya pulu fitrə çıxaracaqlar. Adətən Qazılar Şurası bildirirdi ki, bir adam üçün 5-10 manat arası fitrə çıxılır. Kimin imkanı varsa həmin ərzağı və ya pulunu kimsəsiz, imkansız adamlara verə bilər. İlk olaraq fitrə qohumda, qonşuda, yaxında olan imkansız adamlara paylanmalıdır. Daha ailə başçısını itirən insanlar, şəhid ailələri, qayğıya möhtac qocalar, xəstə insanlara fitrə zəkatını vermək olar. Bizdə adətdə bayram günü qəbir üstə getmək də var. Mayın 18-dən SMS icazəsi ilə evdən çıxmaq qadağası götürüləcəyi üçün qəbir üstünə də getmək olar".

Bayramın vaxtına gəldikdə isə F. Nurullayev qeyd edib ki, QMİ-nin Şamaxı Astrofizika Rəsədxanası ilə əldə etdiyi təqvimə əsasən, Ramazan bayramı mayın 24-nə təsadüf edəcək: "Bir gün əvvəldən araşdırmalar aparılır. Ölkənin hər yerində olan nümayəndələrimizlə əlaqə yaradılır. Riyazi hesablamalara görə mayın 23-ü Ayın görünməsi baş verməlidir, 24-ü isə bayram olmalıdır. İnsanlar bir şeyi qarışdırmamalıdır, bəzən dünyada ayın görünməsi baş verir, amma o bizim üfüqə aid olmur. Ayın görünməsi yaşadığın üfüqdə görünməlidir. Yəni böyük saat fərqi olmayan yerlərdə olmalıdır. Tutaq ki, bu gün Amerika və ya Afrika qitəsində ay görünürsə, bu bizə 16-17 saat sonra gəlib çıxa bilir. Bu onu göstərir ki, səhəri onlar bayramı edə bilirlər, amma biz yox. Biz bir gün sonra bayram edə bilərik. Dünyada Ayın görünməsi baş verirsə, onlar bunu öz şəraitlərinə uyğun qərarlaşdıra bilirlər. Quranın buyurduğu budur ki, insanların yaşadığı üfüqdə Ay görünməlidir. İslam da elmi dəstəkləyir. Bizim də Şamaxıda olan Rəsədxanamız dünyadakı bu cür elmi mərkəzlərdən biridir. Biz onlarla birgə bu məsələni araşdırıb, əməkdaşlıq edirik. Hər il Ramazan başlayanda da, bayramın zamanı da bəyan olunur. Bu il də yenə bir gün əvvəl araşdırma aparacağıq. Əgər dəyişiklik baş versə, Qafqaz Müsəlmanları İdarəsi bununla bağlı məlumat açıqlayacaq. Ümidvarıq ki, ayın 24-ü bayram olmalıdır. Onu da qeyd edim ki, şəriətə görə kiminsə evində bayram namazı qılmağı məsələsi yoxdur. Sadəcə olaraq, bir adam təsəlli üçün öz istəyi ilə bayram günü evində 2 rükət namaz qılmaq istəyərsə, namazın təxminən saat 12:45-ə qədər qılınması savabdır. Amma şəriətdə fərdi bayram namazı qılmaq yoxdur, namaz gərək camaatla birgə qılına. Əvvəl də müəyyən zamanlarda bayram namazlarını birgə qılmağa şərait olmayıb. Məsələn, Sovet dövründə yaşayanda məscidlər bağlı idi, bayram namazlarını bərpa edə bilmirdik. Ona görə də istəyənlər təsəlli üçün öz evində qılırdı. Dediyim kimi, əgər camaatla birgə bayram namazı qılmaq imkanı olanda, sübh açılandan Zöhr namazına qədər qılmaq ən gözəl zamandır. Bütün müsəlmanların, xalqımızın bayramını təbrik edirik. Camaatla birgə yenidən məscidlərdə bu namazları qılmaq nəsib olsun. Hazırda dünyada müvəqqəti maneə yaranıb, bizdə də dövlət insanları qorumaq, yoluxmanın qarşısını almaq üçün qərarlar verib və möminlər də bunu dəstəkləyib əməl edirlər".


Etiketlər:  Məscidlərdə bayram namazının qılınması mümkündürmü QMİ dən AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ