Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Siyasi ''eşkiya''ların növbəti məzhəkəsi

Siyasi ''eşkiya''ların növbəti məzhəkəsi

Tarix: 18 May 2020 14:21

Gültəkin Hacıbəylinin və başqalarının "videoqeybət"i gündəmdən çıxmamış, Milli Şura adlanan siyasi "eşkiya" (quldur) yığınağının növbəti "konseyi" gəlmiş-keçmiş bütün bəsit və ucuz məzhəkələri üstələyib antirekord qırdı.

Əslində, "Milli Şuranın videokonfransı" adlanan bu məzhəkə də mahiyyət etibarilə daha öncə olduğu kimi "videoqeybət" formatında təşkil edilmişdi. Sadəcə qeybət hədəflərinin və qeybət edən personajların sayı əvvəlkinə nisbətən daha çox idi. Janr etibarilə bu məzhəkəni "qroteks" də adlandırmaq olardı, amma bu teatral terminə heyfim gəldiyi üçün ayrı-ayrılıqda komediya, faciə, fars və hələ öz adını almamış bir neçə cərəyanın "siyasi horra"sından ibarət bu qarışığı, sadəcə, "məzhəkə" adlandıracağam.

"Videoqeybət"in sosial şəbəkələrdə paylaşılan hissəsi Gültəkin Hacıbəylinin öz qeybətində Nemət Pənahlını hədəfə almasıyla başlayır və çox güman ki, 1988-1989-cu illərdə keçirilən kütləvi aksiyalarl nəzərdə tutaraq, bu aksiyalarda "Nemət Pənahlının gördüyü işi görmək üçün ağıl lazım deyil".

Qeybətə qoşulan Əli Kərimlinin mirzəsi Qənimət Zahid isə deyir ki, "Nemət Pənahlı indi lazım olduğundan çox ağıllıdır" və onunla "Milli Şura" başbilənlərinin istəyi ilə baş tutmuş söhbətində buna əmin olub.

Kərimlinin mirzəsinin sözlərindən belə anlaşılır ki, "Milli Şura" adlanan siyasi eşkiya yığınağının "konsey" üzvləri Qənimət Zahidi Nemət Pənahlıdan hansısa "ağıl tələb olunmayan işlərdə" istifadə etmək məqsədilə virtual elçi salıblar. Qənimət Zahid də əmin olub ki, Nemət Pənahlı "indi onlara lazım olduğundan daha çox ağıllıdır" və bu səbəbdən də onun hansısa "ağıl tələb olunmayan" çirkli işlərdə iştirakı inandırıcı görünmür.

Məzhəkənin ən maraqlı hissəsi "Milli Şura"nın "videoqazan"ında bişirilən siyasi "bozbaş"ın sosial şəbəkələr üzərindən təqdimatı barədə "müzakirələr"dən sonra başlayır. Əli Kərimli Sevinc Osmanqızı ilə sosial şəbəkələr üzərindən kin və qəzəb püskürmək üçün aparacağı planlaşdırma barədə, hər zaman olduğu kimi məzmunsuz və qeyri-müəyyən fikirlər səsləndirir... Və belə bir "həssas" məqamda prosesə "nəhəng strateq" Vidadi Mirkamal qatılır və yayım vaxtının planlaşdırılması ilə bağlı nüfuzlu tədqiqat mərkəzlərini belə heyrətə sala biləcək fikir səsləndirir.

Vidadi Mirkamal: - Mən sizə bir xəbərdarlıq edim. Bu gün "Eşkiya dünyaya hökmdar olmaz" serialı var. Bizim camaatın 90 faizi baxır ona. Bu bir az yaxşı başa düşülməz...

Əli Kərimli: - O nədi..? Nə dediniz?

Vidadi Mirkamal: - O... Serial var, türk serialı, eşkiya... dünyaya hökmdar olmaz. Bax bu (serial) baxışı azalda bilər.

Əli Kərimli: Saat neçədə olacaq?

Vidadi Mirkamal: - Saat 9-da özətdi (xülasə - E.M), saat 10-da başlayacaq.
Əli Kərimli: - (İstehza ilə gülür) İşimizə bax da bizim...

...Və Gültəkin Hacəbəyli Əli Kərimlinin ötürməsini havadaca tutub serial izləyənləri hədəfə alır.

Gültəkin Hacəbəyli: - Bir millət ki, eşkiyaya baxacaq, onda elə getsin hoppansın...

Vidadi Mirkamal Gültəkinin topluma ünvanladığı aşağılayıcı ifadənin - "getsin hoppansın" sözlərinin eşidilməməsi üçün səsini qaldırmaq məcburiyyətində qalır və sözünə belə davam edir: - Müəyyən şeylər var ki, bizim çıxışlara təsir göstərir və mən o...

...Bu dialoqun əlavə şərhə ehtiyacı olmasa da, bir neçə məqama toxunmağın vacib olduğunu düşünürəm. Əvvəla, Vidadi Mirkamalın serialla bağlı aşırı narahatlığından bəlli olur ki, o, "Eşkiya dünyaya hökmdar olmaz" serialının daimi izləyicisidir və "Milli Şura"nın sosial şəbəkə üzərindan aparacağı təbliğatda iştirak etməkdən daha çox seriala baxmağa üstünlük verir. Yəni serial Vidadi Mirkamal üçün üzv olduğu "Milli Şura"nın virtual tədbirindən daha çox əhəmiyyət daşıyır. Çünki nəinki seralın başlayacağı vaxtı, hətta xülasəsinin də efirə nə vaxt gedəcəyini, digər fikirlərindən fərqli olaraq pauza vermədən deyir.

Digər tərəfdən, Vidadi Mirkamal açıq şəkildə etiraf edir ki, Azərbaycan əhalisinin 90 faizi Əli Kərimlinin, Cəmil Həsənlinin, Gültəkin Hacıbəylinin və özü də daxil olmaqla digərlərinin ənənəvi ritorik, pafoslu çıxışlarını dinləməkdənsə Türkiyə istehsalı olan orta səviyyəli seriala baxmağı üstün tutur. Digər 10 faiz isə, Vidadi Mirkamalın məntiqi ilə izah etsək, başqa və daha vacib bildikləri işlərlə məşğul olurlar. Bu isə o deməkdir ki, "Milli Şura"nın ideoloqları özləri dediklərini elə özləri də eşidirlər.

"Videoqeybət"dən də açıq şəkildə görünür ki, Əli Kərimli Vidadi Mirkamalın zamanlama ilə bağlı fikirlərini ciddi qəbul edir. Bunu Kərimlinin Vidadi Mirkamala ünvanladığı suallardan da hiss etmək olur. Amma dərhal yuxarıda verdiyim izaha uyğun olaraq, özlərini "yandırdıqlarını" başa düşür və "işə düşmüşük" deməklə günahı "serial izləyən 90 faizin" üzərinə yükləməyə çalışır.
Bu yükü daha da ağırlaşdıramağa və Əli Kərimlini vəziyyətdən çıxarmağa cəhd göstərən Gültəkin Hacıbəyli nəinki sözügedən serialın izləyicilərini, hətta bütün milləti belə günahkar çıxarmaqdan, aşağılamaqdan çəkinmir. Bütün xalqa xitabən "getsin hoppansın..." deyir. Əslində, bu 3-5 izləyicinin boğazdan yuxarı tərifi ilə özünü "siyasi ulduz" hesab edən və xalqdan üstün tutan radikal düşərgə təmsilçilərinin Azərbaycan vətəndaşlarına olan real münasibətinin göstəricisidir. Bunlar əllərində heç bir hakimiyyət rıçağı olmadan millətə "getsin hoppansın..." deyirlər, görün əllərində belə bir imkan olsa nə edərlər...

Əli Kərimlinin "zaryadkası"
 
Radikal eşkiya konseyi məzhəkəsinin ən maraqlı səhnələrindən biri isə Əli Kərimlinin telefonunun "zaryadkası" ilə bağlı olan hissəsidir.

Məzhəkənin Əli Əliyevin qeybəti ilə başlayan və onun siyasi səhnədən təcrid olunması üçün tətbiq edilməsi nəzərdə tutulan "mexanizmləri" ilə bağlı hissəsində, Əli Kərimlinin aradan çıxmaq üçün bəhanə axtardığı nəzərə çarpır.
Burada bir məqamı da diqqətə almaq lazımdır. Daim "təcrid olunduğunu" iddia edən Əli Kərimli siyasi rəqiblərini təcrid etmək üçün "mexanizm" təklif edən Rafiq Manaflının fikirlərini tamamilə dəstəklədiyini bəyan edir. Bu adamların özlərinin dediyi kimi, öz neqativ, qərəzli və hər kəlməsi böhtandan ibarət olan təbliğatlarını aparmaq üçün cəmi "iki resursu" var və radikalların iyrənc kampaniyalarını aparan bu resursları belə siyasi rəqiblərinin üzünə qapamaqla yanaşı, onların təsirindən kənarda qalan bütün resursları gözdən salmaq üçün "mexanizm" axtarırlar. İndi təsəvvür edək ki, bu adamlar Allah eləməmiş siyasi hakimiyyətə yiyələniblər... O zaman siyasi rəqiblərinə qarşı daha əvvəlki videokonfransda Rafiq Manaflının böyük hörmətlə xatırlatdığı Adolf Hitlerin qanlı metodlarından istifadə edərdilər və bəlkə də bir az da irəli gedərək Hitlerə "rəhmət oxutdurardılar".

Davam edək...

...Rafiq Manaflının Əli Əliyevlə bağlı fikirlərindən sonra, Əli Kərimli "vəziyyətin ekstrimal olduğunu" bildirərək deyir ki, "bu vəziyyətdə gərək çox adamın xətrinə dəyməyək".  Və dərhal "zaryadkası"nın qurtara biləcəyini xatırladır.
İndisə Kərimlinin "zaryadkası" qurtaranadək söylədiklərinə diqqət yetirək. 
Beləliklə, Əli Kərimli deyir: "Ona görə də son iki fikrimi nağd deyim, demək istədiklərimi... İndi nə vaxt qurtarar-qurtarar... Prinsip etibarilə. Mən bunun altını cızmaq istəyirəm ki, belə mərhələlərdə bizim tərəfimizdən reaksiyalar hamılıqla, sürətli olmalıdır. Qısa müddətdə səfərbər olmağı biz bacarmalıyıq. Bizim ən azı feysbukda o fırtınanı əsdirmək imkanlarımız hər zaman olmalıdır. Çox ləngərlə, bir sutka sonra hadisələrə reksiya verməklə buna nail ola bilmərik. Nəsə varsa, anındaca..."

Göründüyü kimi, Əli Kərimli "iki fikir söyləyəcəyini" deyir, amma heç nə demir əslində. Kərimlinin söyləyəcəyi fikirlərə münasibədə "nağd" sözünü işlətməsi isə, ümumiyyətlə, unikal nümunədir. Adamın təfəkkürü xırda ticarətçi, alverçi təfəkkürüdür, hər şeyi nağd qazancla, maliyyə vəsaiti ilə ölçür. Təbii ki, bu öz yerində, amma Əli Kərimlinin "zaryadkası" ilə bağlı məsələnin başqa bir tərəfi də var. Videogörüntülərdən də bəlli olur ki, Əli Kərimli öz mənzilindədir və mənzildə də işıq yanır. Yəni onun öz telefonunu elektrik cərəyanına qoşması üçün heç bir problem yoxdur. "Zaryadka" məsələsi isə sadəcə söhbətdən qaçmaq üçün bəhanədir. Bu isə sübuta yetirir ki, Kərimlinin bundan öncə, guya internetinin kəsilməsi, yaxud "təcrid olunması" ilə bağlı haray-həşiri də onun "Milli Şura"nın virtual müzakirələrində iştirak etmək istəməməsi ilə bağlı olub.
Burada bir haşiyə çıxmağı da məqsədəuyğun hesab edirəm. Son bir neçə gün ərzində Əli Kərimlidən elə onun öz mənzilində iki dəfə müsahibə götürüblər. Hətta son müsahibədə jurnalist ustalıqla onun "tez-tez müsahibələr verdiyini" və necə "təcrid olunduğuna öz gözləriylə şahid olduğunu" bildirir və dolayısıyla demək istəyir ki, ay adam sən necə təcrid olunmusan ki, gün ərzində bir neçə dəfə öz sevimli resurslarına müsahibə verirsən və mən də heç bir maneə olmadan sənin evinə gəlib müsahibə götürürəm...

Qayıdaq "zaryadka" söhbətinə...

"Videoqeybət" iştirakçılarının Əli Kərimlinin söhbətə öz mənzilindən qoşulduğunun fərqinə varmadan, onun telefonun "sönməsinə" qəmgin, faciəvi notlarla "Ah..., "zaryadkası qurtardı" demələri də bu adamların ən adi, məişət səviyyəli məsələləri belə təhlil edib nəticə çıxarmaq imkanında olmadıqlarını göstərir.

Əli Kərimliyə gəldikdə isə, bir siyasətçi kimi onun "zaryadkası" çoxdan qurtarıb, həm də lap çoxdan...

Gültəkin Hacıbəyli və Cəmil Həsənlinin İlqar Məmmədovla bağlı, artıq xroniki hal alan qeybətini bir kənara qoyuram. Amma Gültəkinin "mən uzaqbaşı sentyabrda hakimiyyətə gəlməyə hazırlaşıram..." deməsi, ümumiyyətlə nonsensdir. Adam hətta təsəlli naminə olsa da belə "biz" demir, "mən" deyir və bununla da dolayısıyla onunla eyni düşərgədə təmsil olunanları heç.... siyasətçi yerinə də qoymadığını bildirir. Maraqlıdır, görəsən ucuz qeybətdən başqa heç nə bacarmayan Gültəkin Hacıbəyli hakimiyyətə nə ilə, kiminlə və necə gələcək? Kim ona dəstək verəcək? "Getsin hoppansın..." deyə aşağıladığı millət?!
Düşünürəm ki, yazıya Cəmil Həsənlinin "videoqeybət"dəki son sözləri ilə nöqtə vurmaq yerinə düşər: "Vaxtımız tükənir. İş başına, klaviatura arxasına..."
Vaxt məsələsi Cəmil Həsənlinin yaralı yeridir və bəlkə də adamın "xroniki vaxt çatışmazlığı" xəstəliyi, yaxud fobiyası var. Bir zaman prezidentliyə namizəd kimi iştirak etdiyi debatda da "vaxtımı saxloun" deyə haray saldığını, yəqin ki, çoxları xatırlayır. Elə həmin andan Cəmil Həsənlinin vaxtı dayanıb...

Cəmil Həsənlinin son sözləri, əslində bu düşərgənin mahiyyətini tam çılpaqlığı ilə ortaya qoyur: "Klaviatura arxasına... Hücum! Şər-böhtan kampaniyasına davam..." Vəssalam! Və pərdə bağlanır!

Elçin Mirzəbəyli


Etiketlər:  Siyasi eşkiyaların növbəti məzhəkəsi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ