Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həkim-sonoloqu ultrasəs müayinəsi ilə bağlı tövsiyələrini verib

Həkim-sonoloqu ultrasəs müayinəsi ilə bağlı tövsiyələrini verib

Tarix: 21 May 2020 14:48

Bakı. Trend:

Ultrasəs diaqnostikası – müxtəlif problemləri olan pasiyentlərin ən populyar, ağrısız və yüksək informativ müayinə metodudur. Erkən şişlərin aşkarlanmasında və digər ciddi patologiyaların müəyyən edilməsində USM-in rolu əvəzsizdir. Müalicəyə başlamazdan əvvəl hər hansı xəstəlik aşkar edilmiş xəstələrin sağlamlığı, bəzən isə onların həyatı məhz qoyulmuş diaqnozdan asılı olur.

Etiraf edək ki, diaqnozun yanlış qoyulması və düzgün müalicə təyin olunmaması səbəbindən dünyada hər il minlərlə insan dünyasını dəyişir. Hər bir insan öz sağlamlığının keşyində durmalı, vaxtı-vaxtında müxtəlif müayinələrdən keçməlidir. Bəs bu müayinələrdən nə vaxt keçməli və müayinələr arasında nə qədər fasilə olmalıdır? Bütün bu suallar ətrafında Mərkəzi Gömrük Hospitalının həkim-sonoloqu Dr.Günay Əhmədova öz tövsiyələri ilə bölüşüb.

- Hazırda ultrasəs müayinəsi tibbdə aparılan əsas müayinə üsullarından biridir. Qeyd etmək istəyirəm ki, bəzən pasiyentlər USM adı eşidəndə düşünürlər, bu müayinə onların daxili orqanlarını şüalandırır, ona görə də zərər verə bilər. Amma bu belə deyil. Bu müayinə metodu orqanizmə zərər vurmadan daxili orqanlar və boşluqlar haqqında dəqiq məlumat vermək imkanına malikdir.

Belə ki, USM aparatı orqana yönəldilmiş ultrasəs dalğalarının əks olunma tezliyini qeydə almaqla orqanın ölçüsü, forması, exogenliyi və s. barədə informasiyanı monitorda göstərir. Yaxşı həkim-sonoloqun hər hansı xəstənin bu və ya digər orqanının vəziyyəti haqqında verdiyi nəticə çox vaxt onun diaqnozunun qoyulmasında həlledici olur.

Bəzən erkən onkoloji şişləri məhz ÜSM zamanı görüb vaxtında müalicəyə yönəltməklə xəstənin həyatını xilas etmək mümkün olur. USM-in nəticələrinə müvafiq olaraq xəstəyə qoyulan düzgün diaqnoz onun düzgün müalicə edilməsinə müsbət təsir göstərir. Ultrasəs müayinəsinin xəstələrin sağlamlığına təsirinə gəldikdə, bu, bütün xəstələri düşündürən sualdır. Amma mən tam məsuliyyəti ilə deyə bilərəm ki, USM-in insan orqanizminə heç bir mənfi təsiri, fəsadı yoxdur.

Bütün dünyada geniş tətbiq olunan bu müayinələrin tam zərərsiz olduğu təsdiqlənmişdir. Ultrasəs aparatının iş prinsipi ultrasəs dalğalarına əsaslanır və bu səs dalğaları orqanlarda fərqli şəkildə görüntülər əks etdirir və biz o görüntülər əsasında diaqnozu qoyuruq. Bu səs dalğaları insan qulağının eşidə bilməyəcəyi dalğalardır. Tibbin bütün sahələrində US müayinəsi, US görüntülənməsi geniş istifadə olunan müayinələr metodudur, zərərsizdir.

Təbii ki, bu müayinə zərərli olsaydı, hamilələrdən tutmuş yeni doğulmuş körpələrə və hər yaşda olan insan qrupuna tətbiq olunmazdı. Baxın, zərərli olsaydı, məsələn, hamilə qadınlar hər gün və ya iki gündən bir USM-dən, dopplerdən keçməzdilər. Biz onları ginekoloqlarla bərabər təqibdə saxlayırıq. Qaldı ki, hansı fasilələrlə USM-dən keçmək məsələsi, mən demək istəyirəm ki, təqibli xəstələrdə müayinələr arasında ən qısa interval 6 ay olmalıdır.

Heç olmazsa hər bir vətəndaş özünü ildə 1 dəfə profilaktik müayinə etdirməlidir. Yaxşı olardı ki, hər bir kəs, sağlamlığı ilə bağlı heç bir şikayəti olmasa da, 6 ayda bir dəfə profilaktik olaraq müayinədən keçsin. Məsləhət görərdim ki,qadınlar 37 yaşdan sonra ildə 1 dəfə süd vəzisinin müayinəsindən keçsinlər.

Sonda bir daha qeyd etmək istərdim ki, USM bir profilaktik müayinə kimi çox əvəzsiz metoddur. Hamının mütəmadi olaraq USM müayinəsindən keçməsini məsləhət görürəm. Bu, xəstəlikləri erkən dövrdə aşkar etmək üçün ən yaxşı vasitədir. Vaxtında müayinələrdən keçin ki, həkimlərə sizin sağlamlığınızı qorumaqda yardımçı olasınız.


Etiketlər:  Həkim sonoloqu ultrasəs müayinəsi ilə bağlı tövsiyələrini verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ