Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Toylar 50 nəfərlə iki saatlıq keçirilsin” - Milli Məclisdə təklif

“Toylar 50 nəfərlə iki saatlıq keçirilsin” - Milli Məclisdə təklif

Tarix: 31 May 2020 16:28

"Karantin rejiminin yumşaldılması cəmiyyətdə müsbət qarşılansa, da məsuliyyətsiz vətəndaşlara görə yoluxma sayı artmaqdadır".

Sonxeber.net APA-ya istinadən bildirir ki, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Fəzail Ağamalı deyib.

Deputat Fazil Mustafa isə qeyd edib ki, cərimənin tətbiqini məhkəmənin üzərinə qoymaq doğru deyil: "Bu, keçici prosesdir. Keçici prosesdə insanları intizama cəlb etmək üçün bu layihə hazırlanıb. Burada vəzifəli şəxslərin məsuliyyəti layihədən çıxarılmalıdır, yalnız fiziki şəxslər məsuliyyət daşımalıdır. Vəzifəli və hüquqi şəxslərin məsuliyyətə cəlb edillməsi vəziyyəti mürəkkəbləşdirəcək. Digər tərəfdən, mərhələli şəkildə cərimə tətbiqini də doğru hesab etmirəm. Təklif olunur ki, maska taxmayan şəxslər 50 manat cərimələnsin. Bu, heç də az məbləğ deyil. Təkcə maska məsələsi ilə vəziyyət normallaşmayacaq. Biz maarifçilik məsələsində geri qalırıq. Digər tərəfdən, toyların keçirilməsi məsələsinə aydınlıq gətirilməlidir. Konkret vaxt, tarix qoyulmalıdır. Çıxış yolunu müəyyən etmək lazımdır. Konkret vaxt ərzində, məhdud sayda insanların iştirakı ilə bu tədbirlər keçirilməlidir. Məsələn, 50 nəfərlə hər hansı məsafə saxlamaqla bunu həyata keçirmək olar. Naxçıvana gediş-gəlişlə bağlı məsələni də tezləşdirmək lazımdır. Problemi nə qədər görməzdən gəliriksə, daha çox şişir. Ona görə də problemlərin həllinə çalışmaq lazımdır. Müvafiq icra orqanları bu halı müəyyən edəndə elə oradaca cəriməni tətbiq etməlidir".

Millət vəkili Razi Nurullayev isə qeyd edib ki, maska taxmayanlara qarşı cərimələrin tətbiq edilməsinə münasibəti birmənalı deyil: "Bu gün vətəndaşlar koronavirusun qlobal oyun olduğunu düşünürlər. Xəstələr bütün dünyada sanki gizlədilir. Buna görə də vətəndaşlar daha çox şayiələrə inanır, rəsmi məlumatlara etibar etmir. İnsanların qəlbinə şübhə toxumu səpilir. Bu gün xəstəxanaya gedənləri çox incidirlər. Məgər insanın başqa xəstəlikdən qızdırması ola bilməz? İnsanlar bu gün qorxudan təcili yardıma belə zəng etmirlər. Bu gün bu xəstələri, onların çəkdiui əziyyəti göstərmək lazımdır. Bu gün təbliğat düzgün getmir. İndi deyirlər ikinci dalğa payızda olacaq. Hər şey sirr pərdəsi ilə örtülüb. Sirr pərdəsi götürülməsə, inam da olmayacaq. İkincisi, bu pandemiya dövrü bizim üçün bir fürsətdir ki, israfçılığın qarşısı alınsın. İnsanların toy və yas məclisləri ilə bağlı fərqli davranması üçün işlər görülə bilər".

Spiker Sahibə Qafarova isə bildirib ki, koronavirusla bağlı Azərbaycanda hər hansı sirr yoxdur, bütün proses şəffaf aparılır. 

Millət vəkili Azay Quliyev də deyib ki, bu gün Azərbaycanda hər hansı informasiya boşluğu yoxdur: "Koronavirusun fəsadları ilə bağlı bizim televiziyalarda mütəmadi məlumatlar verilir. Bütün bunlara baxmayaraq, insanlarda bu məsələyə məsuliyyətsiz yanaşma davam edir. Bu gün heç kim istəməz ki, insanlara əlavə cərimələr tətbiq edilsin. Bu, sırf Azərbaycan üçün spesifik problem deyil. Biz bu cəriməni bu gün tətbiq etməklə vətəndaşı qorumağa çalışırıq. Yumşalma prosesi getdikcə yoluxma sayı artmağa başladı".

A.Quliyev təklif edib ki, cərimələr iki halda tətbiq edilməlidir: "Açıq havada və qapalı məkanlarda maska taxmaqla bağlı risklər fərqlidir. Bu gün biz 50 manatı qapalı məkanlarda maskadan istifadə etməyən insanlara tətbiq edə bilərik. Açıq havada bu rəqəm 20-30 manat həcmində götürülə bilər. Fazil müəllimin hüquqi şəxslərin burada məsuliyyətdən azad olunması fikri ilə razı deyiləm. Ən çox elə onlar məsuliyyətə cəlb edilməlidir. Cərimə sanksiyaları yalnız insanların sağlamlığını qorumaq üçün tətbiq edilir".


Etiketlər:  Toylar nəfərlə saatlıq keçirilsin Milli Məclisdə təklif


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ