Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Küçələrə su səpmişəm”i fars mahnısı kimi qələmə verən kanallarla bağlı müraciət olundu

“Küçələrə su səpmişəm”i fars mahnısı kimi qələmə verən kanallarla bağlı müraciət olundu

Tarix: 5 Iyun 2020 19:30

Əqli Mülkiyyət Agentliyi son günlər ölkə mətbuatında və sosial şəbəkələrdə "Küçələrə su səpmişəm" Azərbaycan xalq mahnısının "Youtube" portalında fars mahnısı kimi verilməsi haqqında məlumatlara münasibət bildirib. 

Agentlikdən APA-ya verilən məlumata görə, Əqli Mülkiyyət Agentliyi dərhal bu məsələni nəzarətə götürüb və müvafiq araşdırma aparıb.

Müəyyən edilib ki, bir sıra "YouTube" kanallarında, o cümlədən, "Chekhabar1234" və "Persian Song" adlı kanallarda İranlı musiqiçi Fereydoun Asraeinin ifasında "Dooset daram" adlı mahnı yerləşdirilib və həmin mahnının Azərbaycan xalq mahnısı olması barədə məlumat qeyd edilməyib: "Qeyd edilən mahnının musiqisi Azərbaycan xalq mahnısı "Küçələrə su səpmişəm" mahnısının musiqisidir. Burada mahnının sözləri dəyişdirilib və musiqinin mənşəyi barədə məlumat göstərilməyib. Mahnının musiqisinin bu cür mənimsənilməsi və dolayısı yolla fars musiqisi kimi təqdim olunması kobud hüquq pozuntusudur. Bu, həm də Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Müəlliflik hüququna dair Müqaviləsinin və ÜƏMT-nin İfalar və fonoqramlara dair Müqaviləsinin müddəalarına ziddir. 

Mahnının Azərbaycan xalqının mədəni irsinə məxsusluğu çoxlu sübutlarla təsdiqlənir. "Küçələrə su səpmişəm" mahnısı XX əsrin əvvəllərindən başlayaraq bir sıra Azərbaycan xalq mahnıları toplularına daxil edilib. Misal üçün, görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin 1927-ci ildə nəşr olunan "Azərbaycan türk el nəğmələri", Bülbül Məmmədovun 1956-cı ildə nəşr olunan "Azərbaycan Xalq Melodiyaları" (I cild Səid Rüstəmov), görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 1952-ci ildə nəşr olunan "Azərbaycan xalq mahnıları", Davud Məmmədbəyovun 1965-ci ildə nəşr olunan "Azərbaycan lirik xalq mahnıları", Salih Turhanın 1991-ci ildə Türkiyənin Ankara şəhərində nəşr olunan "Azerbaycan halk mahnıları" kitablarında "Küçələrə su səpmişəm" mahnısının notları və sözləri birlikdə çap olunub.  

Mahnı eyni zamanda 1954-cü ildə çəkilmiş "Doğma xalqıma" adlı filmdə səsləndirilib. Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 1963-cü il 12 iyun tarixli ərizəsi əsasında onun tərəfindən "Küçələrə su səpmişəm" xalq mahnısını yenidən işlənmiş variantı Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan şöbəsində (indiki Əqli Mülkiyyət Agentliyində) kataloqa daxil edilib və qeydə alınıb. Mahnının yenidən işlənmiş variantı Azərbaycanlı müğənni Rəşid Behbudov tərəfindən 1963-cü ildə ifa olunmuş variantı "YouTube" kanalına yüklənib. "Küçələrə su səpmişəm" xalq mahnısını həmçinin Azərbaycanın məşhur ifaçılarından Bülbül, Şövkət Ələkbərova və başqaları tərəfindən də səsləndirilib, maddi daşıyıcılara yazılaraq "YouTube" səhifələrinə yüklənib. 

Xüsusi olaraq vurğulamaq istəyirik ki, "Küçələrə su səpmişəm" xalq mahnısı İranlı musiqiçi Fereydoun Asraei tərəfindən Azərbaycan və fars dillərində ifa olunaraq "Khuneh be Dush" adlı albomda "Dustat daram" adı ilə 8-ci sırada yer alıb, həmin albom onun razılığı ilə www.amazon.com saytında yerləşdirilmiş və ən əsası Azərbaycan folklor nümunəsi (by Azeri Folk) kimi qeyd edilib. Agentlik tərəfindən sadalanan faktlar və mənbələr əsasında araşdırmanın nəticələrini əhatə edən təfsilatlı müraciət hazırlanıb və "Youtube" portalının müvafiq bölməsinə ünvanlanaraq, chekhabar1234 və Persian Song adlı kanallarında, eləcə də digər kanallarda "Küçələrə su səpmişəm" Azərbaycan xalq mahnısının adı və mənşəyi barədə məlumatların əlavə olunması, əks təqdirdə isə həmin kanalların bağlanılması xahiş edilib.


Etiketlər:  Küçələrə səpmişəmi fars mahnısı kimi qələmə verən kanallarla bağlı müraciət olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ