Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2020 20:54
Bakı. Trend:
Bu günlərdə UNICEF və Uşaq Hüquqları Ombudsmanlarının Avropa Şəbəkəsinin birgə təşkil etdiyi onlayn iclasda Ombudsman Aparatının şöbə müdirinin müavini, Beynəlxalq əlaqələr sektorunun müdiri Zaur Vəliməmmədli və Beynəlxalq əlaqələr sektorunun baş məsləhətçisi Fərqanə Məmmədxanova iştirak ediblər.
Ombudsman Aparatından Trend-ə bildirilib ki, ümumilikdə, 58 iştirakçının, həmçinin bir sıra beynəlxalq qurumların nümayəndələrinin iştirak etdiyi iclasda Avropa Ombudsmanları pandemiya dövründə uşaq hüquqlarının effektiv şəkildə təmini istiqamətində həyata keçirdikləri fəaliyyət barədə öz təcrübələrini bölüşüblər.
Aparatın nümayəndəsi Azərbaycan Ombudsmanı Səbinə Əliyevanın ölkəmizdə elan olunan xüsusi karantin rejimi dövründə əhalinin həssas qruplarının, o cümlədən uşaqların hüquqlarının səmərəli təmini və müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət barəsində iştirakçılara məlumat verib. Qeyd olunub ki, karantin dövründə Ombudsman Aparatında vətəndaşların canlı qəbulu müvəqqəti dayandırılsa da, müraciətlərin onlayn qaydada, 24 saat fəaliyyət göstərən qaynar xətt vasitəsilə, həmçinin təsisatın sosial media hesabları üzərindən qəbulu davam etdirilir. Bildirilib ki, uşaq hüquqlarının müdafiəsi üçün nəzərdə tutulan qaynar xətt üzərindən daxil olan müraciətlərə operativ olaraq reaksiya verilir.
Diqqətə çatdırılıb ki, pandemiya dövründə Ombudsmanın regional mərkəzləri tərəfindən uşaq hüquqlarının təmini vəziyyətinin öyrənilməsi məqsədilə uşaq evlərində monitorinqlər keçirilib. Monitorinqlər zamanı infeksiyanın yayılması ilə bağlı davam etdirilən qabaqlayıcı tədbirlərin, mövcud sanitariya vəziyyətinin, habelə bu ərəfədə müxtəlif yaş qruplarından olan uşaqların saxlanma şəraiti və xidmət əməkdaşlarının onlarla rəftarı məsələləri, eləcə də uşaqların hüquqlarının təmini vəziyyəti araşdırılıb. Həmçinin qeyd olunub ki, karantin rejimi dövründə uşaqların bir hissəsi valideynləri tərəfindən götürülüb, yoluxma hallarının qarşısını almaq üçün Uşaq Evində yaşayanların valideynlərlə və digər kənar şəxslərlə görüşləri müvəqqəti olaraq dayandırılıb.
Bununla yanaşı, Müvəkkilin 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə yayımladığı bəyanat iştirakçıların diqqətinə çatdırılıb və qeyd olunub ki, yeni növ koronavirus infeksiyası ilə mübarizə çərçivəsində cəmiyyətdə güclü həmrəylik yaratmaq məqsədilə irəli sürülən “Biz birlikdə güclüyük” devizi altında Ombudsman və Aparatın əməkdaşlarının insan hüquqlarının müdafiəsi sahəsindəki fəaliyyəti daha intensiv şəkildə davam etdirilməkdədir.