Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2020 10:40
Bakı. Trend:
Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı icma təşkilatlarına daxil olan "Era Teatrı" ilə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin birgə layihəsi əsasında elan olunmuş qısametrajlı film müsabiqəsinə yekun vurulub.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, mayın 6-dan 27-dək müsabiqənin [email protected] ünvanına 10-dan çox qısametrajlı film göndərilib. 3 mərhələdən ibarət olan müsabiqənin gedişində yaradıcılıq fantaziyaları ilə yanaşı, filmlərdə mövzuların aktuallığına, malik olduğu çoxsaylı sosial çağırışlara da diqqət yetirilib.
Sosial şəbəkə izləyicilərinin rəğbətini də nəzərə alan münsiflərin yekun qərarına əsasən, I yerə Sahil Hüseynovun "Yuxu", II yerə Elnur Vəlizadənin "Ölümün rəngi", III yerə Sənan və Kənan Şərifovların "Qumar qurbanı" filmləri çıxıb.
"Era Teatrı"nın bədii rəhbəri Anar Rafiqoğlu bildirib ki, təşkilatçılar COVID-19 koronavirus pandemiyası ilə əlaqədar Gürcüstanda elan olunmuş sərt karantin dövründə yaranmış boşluğun aradan qaldırılması və soydaşlarımızın diqqətini yaradıcılığa cəlb etmək məqsədilə bu layihəni gerçəkləşdiriblər. Müsabiqənin məqsədi, həm də gənclər arasında incəsənətin teatr və kino sahələrinə marağı artırmaq və sevdirmək olub.
Gürcüstan Azərbaycanlıları İnteqrasiya Mərkəzinə xüsusi təşəkkürünü bildirən bədii rəhbər qeyd edib ki, həyata keçirdikləri birgə layihənin səmərəli nəticəsini gördükləri üçün, dəstək göstəriləcəyi təqdirdə, gələcəkdə də müxtəlif müsabiqələr təşkil etmək niyyətindədirlər.