Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2020 20:57
İyunun 15-də TÜRKPA-nın Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının "COVID-19 pandemiyası zamanı su ehtiyatlarının və torpaqların qorunması" mövzusunda iclası onlayn videokonfrans formatında keçirildi.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, onlayn iclas "COVID-19 pandemiyası zamanı su ehtiyatlarının və torpaqların qorunması" və "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında model qanun layihəsinin müzakirəsi" üzrə iki sessiyadan ibarət oldu.
İclasın açılış mərasimində çıxış edən TÜRKPA-nın Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının sədri və Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi və bu tarixi günün Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. Sonra Əhliman Əmiraslanov sərhəd tanımayaraq qısa zaman ərzində bütün dünyaya yayılan COVID-19 pandemiyası, onun yaratdığı fəsadlar və mübarizə tədbirləri haqqında məlumat verdi.
İlk sessiyaya komissiyanın sədri akademik Əhliman Əmiraslanov sədrlik etdi. Sessiya zamanı üzv ölkələrdən olan ekspertlər təqdimatlar etdilər, həmçinin COVID-19 pandemiyası zamanı su ehtiyatlarının və torpaqların qorunması ilə bağlı təşkilata üzv ölkələrdə həyata keçirilən tədbirlər müzakirə edildi. İştirakçılar məsələ ilə bağlı milli qanunvericilik və beynəlxalq əməkdaşlıq mexanizmləri barədə fikir mübadiləsi apardılar.
İkinci sessiyaya Komissiyanın katibi Emin Həsənov moderatorluq etdi. İkinci sessiya zamanı üzv ölkələrdən olan ekspertlər qanunvericiliyin uyğunlaşdırılması və enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında model qanunun hazırlanması üzrə məsələləri müzakirə etdilər.
Bununla da TÜRKPA-nın Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının "COVID-19 pandemiyası zamanı su ehtiyatlarının və torpaqların qorunması" mövzusunda onlayn iclası başa çatdı.
Qeyd edək ki, videokonfransda təşkilata üzv ölkələrin parlamentlərindən və Özbəkistandanolan millət vəkilləri ilə yanaşı, üzv ölkələrinin müvafiq nazirlik və qurumlarından, həmçinin beynəlxalq təşkilatlardan olan ekspertlər də iştirak edirdilər.