Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2020 15:20
Sonxeber.net ifaçı Damlanın yenicag.az-a müsahibəsini təqdim edir:
- Belə fikirlər də səslənir ki, Damla fanatlarını özü öyrədir, yönləndirir? Bu sözləri eşidəndə reaksiyanız necə olur?
- Bəzən gülürəm. Mən axı o bölgələrdə kimi tanıyıram? O insanları necə topladım, necə öyrətdim, bu, axı mümkün deyil?
- Belə söz-söhbət sizi depressiyaya salırmı?
- Heç vaxt. Məni yalnız özüm depressiyaya sala bilərəm, başqa heç kim.
- Nə çıxardır bəs depressiyadan sizi?
- Çalışıram romantik filmlərə baxım. Bir az ağlayan kimi sakitləşirəm. Əslində, məni insanlar müzakirə etmir, məni müzakirə edən şou cameəsidir. Onlar da ya məni tanımaq istəmir, ya da əksinə.
- İnsan sərrafı demək olar sizə?
- 80 faiz...
- Ayağınızın altını qazan insanla qarşılaşanda onlarla necə davranırsız?
- Qucaqlayıb bağrıma basıram və özünə hiss etdirmirəm ki, axı hər şeyi bilirəm.
- Ürəyinizin "40-cı qapısı" varmı, hansı ki, ora heç kimi buraxmırsız?
- Ürəyimin nə banket zalı var, nə də VİP zalı, cəmi bir qapısı var.
- Özünüzə qadağalarınız var?
- Həddən artıq. O qadağalara riayət etdiyim üçün insanlar məni sevir. Mən də çox şey edərəm. Amma özümə deyirəm ki, nə olar, nə olmaz.
- Adətən qapalı geyinirsiz...
- Xarakterimlə bağlıdır, belə özümü daha rahat hiss edirəm. Qısa geyinsəm, bilirəm ki, əlim paltarda qalacaq.
- Heç sevgi təklifləri alırsız?
- Hər kəs kimi sevgi məktubları alıram və bu, hamı kimi məni də ruhlandırır.
- Xoşladığınız mesajları saxlayırsız?
- Yox, silirəm.
- Sirli qadın demək olar sizə?
- Bəli.
- Bəs eşq qadını?
- Bilmirəm, son dönəmlər duyğularımı itimişəm. Tapsam, bəlkə də eşq qadını ola bilərəm. Sevə bilmirəm. Amma sevəndə, ağlımı itirəcək qədər də sevmirəm.
- Sevdiyinizə nəyi qurban verərdiz?
- İşimi, övladımı, ailəmi heç bir halda qurban vermərəm.
- Dəlicəsinə vurulsanız da?
- Zamanında oldu, evlilik dönəmində... Demək ki, dəymir. Məni hər halımla qəbul et, yanımda ol. Bunu bacarmırsansa, dəyişdirməyə çalışma. Mən belə hesab edirəm.
- Konsertinizdə sizi şoka salacaq təklif alsanız, cavabınız nə olar?
- Məni şoka sala bilən nə təklif ola bilər ki?
- Məsələn, evlilik təklifi...
- Bu, məni təəccübləndirməz. Düşünərəm ki, yeri, zamanı deyil. Bəlkə də çox diqqətsizi yanaşaram həmin insana.
- Sizi incidən insanla necə davranırsız?
- Susmaq, uzaqlaşmaq və görməzlikdən gəlmək.
- Leksikonunuzda bağışlamaq sözü var?
- Var, abzasdan, təzə sətirlə, böyük hərflərlə... Bağışlamaq böyüklükdür.
- Birdəfəlik sildiyiniz adamlar olur?
- Ailəmə, mənə ziyan gətirən insanları nə axirətdə, nə qiyamətdə bağışlamayacam.
- Elə günahlarınız varmı ki, Allaha yalvarıb bağışlamağını istəmisiz?
- Günahsız insan yoxdur. Hamı etdiyi günahlara görə Allaha sığınır. Adam öldürməmişəm ki, deyim, o boyda günahlarım var. Amma insanıq, bəzən bilərəkdən, bəzən bilməyərəkdən səhvlər edib günah qazanırıq.
- Allaha tapşırdığınız insanlar çox olub?
- Məni incidən, düzgün anlamayan, haqqımda səhv düşünən, qəsdən əzməyə çalışan insanlara cavab vermirəm, qisas hissim də yoxdur. Onları Allahın ədalətinə buraxıram.
- Özünüzü gözəl qadın sayırsız?
- Gözəl qadın deyiləm, azacıq şarmım var.