Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2020 08:08
İngiltərənin "Uotford" klubunun futbolçusu Andre Qrey özünə ad günü ziyafəti təşkil edib.
Sonxeber.net matc.az-a istinadən bildirir ki, ingilis hücumçu iyunun 26-da, 29 yaşının tamam olmasına görə 20 nəfərin iştirak etdiyi parti verib.
Ziyafətə "Uotford"un digər futbolçularından Dominqos Kvinlə Nataniel Çaloba da qatılıb.
Artıq klub sözügedən məsələ ilə bağlı rəsmi mövqeyini açıqlayıb. Belə ki, "Uotford" karantin qaydalarının pozulmasına görə bu üç oyunçunun heyətdən kənarlaşdırıldığını elan edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, baş məşqçi Naycel Pirsonun qərarına əsasən Qrey, Çaloba və Kvin əsas komandadan müvəqqəti kənarlaşdırılıb. Bu qərar Premyer Liqanın 32-ci turu çərçivəsində ötən gün baş tutan "Sauthempton"la oyunda bütün oyunçuların, əməkdaşların və rəsmi şəxslərin sağlamlığının və təhlükəsizliyinin təminatı üçün qəbul edilib. Sözügedən qarşılaşma "Uotford"un 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
İngiltərədə koronavirus pandemiyasına görə bir sıra məhdudiyyətlər tətbiq edilir. Bunlardan biri də altı nəfərdən çox insanın bir yerə toplaşmamasıdır.