Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2020 08:24
Cihazın yerləşdiyi yer, Youtube-da izlənmiş videoların tarixçəsi və axtarış sorğuları barəsində məlumatlar Google servislərindən istifadəni sadələşdirir. Lakin bu cür məlumatların mütəmadi şəkildə yığılması konfidensiallıq məsələsinin müdafiəçiləri tərəfindən tənqid olunur. Bu səbəbdən Google şirkəti bir neçə müddət bundan öncə yeni istifadəçilər üçün konfidensiallıq siyasətində dəyişikliklər etdi. Belə ki, bundan sonra yığılan bu cür personal məlumatlar avtomatik olaraq silinəcəklər.
Yeni istifadəçi bu cür özəlliyin olduğundan xəbərsiz olsa da bu proses reallaşdırılacaq. Bu barədə Engadget saytı xəbər verib. Google şirkəti istifadəçinin aktivlik tarixçəsinin avtomatik silinməsi funksiyasını hələ keçən il təqdim etmişdi. Lakin bu funksiya standart olaraq deaktiv şəkildədir. Bundan sonra isə yeni istifadəçilərin cihazlarının yerləşmə yerləri və axtarış sorğuları barəsində məlumatlar 18 aydan sonra avtomatik silinəcək. İzlənmiş Youtube videolarının tarixçəsi isə yeni istifadəçilərin hesablarından 36 aydan sonra silinəcək.
Artıq Google hesabına sahib olan istifadəçilərin hesablarının ayarlarında heç bir dəyişiklik olmayacaq. Onlar sadəcə olaraq veb tarixçənin silinmə funksiyasının olduğu və bu funksiyanı fərdi şəkildə aktivləşdirilməsi mümkünlüyü barəsində bildiriş əldə edəcəklər. Fərdi məlumatların saxlanması özəlliyini Google hesabının veb interfeysində dəyişmək olar. Həmin interfeysdə "Data & Personalization" bölməsinə daxil olub "Activity Controls" hissəsində lazımi funksiyaları aktivləşdirmək lazımdır.