Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyul 2020 10:45
"Azərbaycan Respublikasının VI çağırış Milli Məclisi yaz sessiyasında və növbədənkənar sessiya müddətində çox səmərəli fəaliyyət göstərdi".
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.
B.Əliyev bildirib ki, parlamentin yeni tərkibi Azərbaycan Prezidenti İlham Əliyevin VI çağırış Milli Məclisdə 10 mart tarixindəki çıxışında qarşıya qoyduğu hədəflər istiqamətində çox məhsuldar və fəal çalışıb:
"Hesab edirəm ki, Milli Məclisə göstərilən etimad özünü doğruldur. Xüsusilə COVİD-19 pandemiyası şəraitində Milli Məclis qanunvericilik təşəbbüsləri ilə çıxış etməklə və çox operativ şəkildə qanunları qəbul etməklə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin qanunvericilik bazasının daha da möhkəmləndirilməsinə öz töhfəsini verib.
Bu işdə parlamentin yeni sədri Sahibə Qafarovanın fəaliyyətini də yüksək qiymətləndiririk. Çünki yeni sədr parlamentə yeni nəfəs gətirdi, çox demokratik, humanist, prinsipial və işgüzar yanaşma nəticəsində parlamentdə həm hakim partiyadan seçilmiş deputatların, həm müstəqil deputatların, həm də müxalif və digər partiyalardan seçilmiş deputatların hərməy olaraq parlament müstəvisində birgə çalışmasını, ahəngdar işləməsini tam təmin edə bildi".
Komitə sədri vurğulayıb ki, Azərbaycanda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasi islahatlar parlamentdə də öz əksini tapdı:
"Çünki parlament rəhbərliyinə müxtəlif siyasi partiyların, o cümlədən müxalif siyasi partiyanın nümayəndələrinin seçilməsi Azərbaycanda aparılan uğurlu islahatların bir tərkib hissəsi idi.
Eyni zamanda qısa müddətdə Milli Məclisdə də struktur islahatları aparıldı. Milli Məclisin həm Aparatında, həm İşlər idarəsində aparılmış islahatlar keyfiyyətcə yeni bir mərhələyə keçidi təmin edib və günün tələblərinə cavab verən yeni struktur formalaşıb. Bu da Milli Məclisin işinin daha da ahəngdar olmasına öz töhfəsini verib.
VI çağırış Milli Məclis yaz sessiyasında və növbədənkənar sessiya müddətində çox əhəmiyyətli qanunlar qəbul edildi, videokonfranslar vasitəsilə beynəlxalq təşkilatlarla tədbirlər həyata keçirildi.
Eyni zamanda Prezident İlham Əliyevin COVİD-19-la bağlı dünyanı həmrəyliyə çağırması və təşəbbüslə bağlı BMT-nin iclasının çağrılması və bu məsələnin müzakirə edilməsi də hesab edirəm ki, olduqca əhəmiyyətlidir. Bu, Azərbaycanın dünyada aparıcı dövlət kimi ən çətin şəraitdə yeni və çevik modelləri təklif etmək imkanını bir daha ortaya qoydu. Bu da onu göstərir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət və bu siyasətdə parlamentin dövlətimizin inkişafına verdiyi dəstək çox əhəmiyyətlidir və yüksək qiymətləndirilməlidir".