Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2020 20:18
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
AQTA-dan Sonxeber.net-a bildirilib ki, daxil olan məlumat əsasında Agentliyin əməkdaşları İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin nümayəndələri ilə birgə Bərdə rayonu Cəlil Məmmədquluzadə küçəsi, ev 80 ünvanında yaşayan Həsənov Tapdıq Qarakişi oğluna məxsus həyətyanı sahədə reyd keçirib.
Reyd zamanı həyətyanı sahədə qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi, istehlakçıların hüquqlarının kobud şəkildə pozulduğu və müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək gizli qaydada qanunsuz şəkildə saxta üsulla müxtəlif brend markalı "Banketnaya", "Beliy Volk", "Şanbala", "Mamedoff", "Ququşu", "White Water","Disaronno", "Xortisya", "Xəzri", "Oryel", "Nemiroff", "Nemiroff Delikat", "Badikubə", "Kazyonka", "Maiden tower", "Az Granata", ",Glacier Melt", "Napoleon", "Rada", "Cristal", "Berkut Vodka", "Akula", "Medallion", "Grand vodka", "Zalatoy Kolso", "Qubernator bağı", "Stumbars", "Yakor" və s. əmtəə nişanlı yerli, habelə xarici ölkə istehsalı olan alkoqollu içkilər hazırlayaraq satışının həyata keçirildiyi aşkar olunub.
Reyd zamanı ümumi sayı 68 ədəd aksiz markalı, 3 ədəd aksiz markasız müxtəlif həcmli saxta alkoqollu içkilər, 24 ədəd xammal kimi istifadə olunan hər biri 1litr həcmində olan 95 %-li tibbi spirt, 88 ədəd saxta aksiz marka, 17 ədəd saxta "Mamedoff " etiketləri və müxtəlif brend markalı içkilərə məxsus 308 ədəd boş alkoqollu içki butulka və 378 ədəd qapaqlar, habelə saxta alkoqollu içkilərin hazırlanmasında su ilə spirtin qarışdırılmasında istifadə edilən plastik çəllək aşkarlanaraq müsadirə edilib.
İçkilərdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Faktla bağlı araşdırmalar davam etdirilir. Eyni zamanda qanunsuz istehsal olunan alkoqollu içkilərin satış şəbəkələrinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.