Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2020 02:21
Bakı. Trend:
2020-ci il 15 İyul tarixində saat 10:05-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Tovuz rayonu, Ağdam kəndi ərazisinə 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Trend-ə verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə cari ilin 14 iyul tarixində Ermənistan silahlı qüvvələri tərəfindən atılmış mərmi nəticəsində həlak olmuş 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlunun həyətyanı sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınib. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 82 mm-lik minaatan mərmisinin (OF-842) partlamış hissəsi aşkar olunmuş, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Minaatan mərmisinin ətrafında 150 kv.m əraziyə yerüstü, 40 kv.m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.