Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanın məqsədi Azərbaycanın Dağlıq Qarabağ ərazisini və ətraf 7 rayonunu işğal altında saxlamaqdır - Deputat

Ermənistanın məqsədi Azərbaycanın Dağlıq Qarabağ ərazisini və ətraf 7 rayonunu işğal altında saxlamaqdır - Deputat

Tarix: 17 Iyul 2020 17:45

Bütün dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, hər kəs Ermənistanın yürütdüyü təcavüzkar siyasətinə "dur" deməlidir, Azərbaycanın haqlı səsinə səs verməli və təcavüzkara layiq olduğu ən ağır sanksiyaları tətbiq etməlidir.

Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Fatma Yıldırım bildirib ki, işğalçı dövlət yeni münaqişə zonaları yaratmaq istəyir, məhz bu məqsədlə də təxribata əl atır. Mülki insanların düşmənin ağır texnikasının hədəfinə tuş gəlməsi isə vəhşilik nümunəsi olmaqla Ermənistan dövlətinin əsl üzünü ortaya qoyur. Millət vəkilinin sözlərinə görə, Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bildirib ki, görülmüş operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını aldı. Onlara sarsıdıcı zərbələr endirildi. Dövlət başçısının qeyd etdiyi kimi, onlarla erməni hərbçi məhv edildi, onların sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın edildi. Beləliklə, şəhidlərimizin qısası alındı.

Ermənistanın özünü daha çox terrorçu təşkilat kimi apardığını deyən Fatma Yıldırım söyləyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan sülh danışıqlarına rəğmən işğalçı ölkə danışıqların da formatını kobud şəkildə pozur. Bütün bunları etməkdə Ermənistanın məqsədi regionda yeni gərginlik ocağı yaratmaq, işğal olunmuş ərazilərdən diqqəti yayındırmaq, danışıqlar prosesini pozmaq və Azərbaycan torpaqlarını azad etməməkdir. Həmçinin bu kimi təxribatlarla onlar diqqəti daxili ağır sosial-iqtisadi vəziyyətdən yayındırmaq və üzvləri olduğu siyasi-hərbi təşkilatları bu prosesə cəlb etmək istəyirlər. Lakin hamı prosesi yaxşı başa düşür və onlara inanan yoxdur.

Deputat deyib ki, Azərbaycan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi ATƏT Minsk qrupu həmsədr dövlətlərinə, BMT-yə, Avropa Birliyinə, aidiyyəti üzrə digər beynəlxalq təşkilatlara Ermənistanın kobud şəkildə atəşkəsi pozması, mülki əhalinin ağır silahlardan bombalanması ilə bağlı məlumatlandırsa da, Ermənistana qarşı heç bir təzyiq edilmir. Adıçəkilən təşkilatlar Ermənistanı dərhal atəşkəs rejiminə əməl etməyə məcbur etməli, Ermənistan hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə reaksiya verməli və bunu ciddi qınamalıdırlar. Bilirsiniz ki, bütün beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistan özünün Azərbaycandan zəif olduğunu dərk edir.
"Buna görə də, KTMT-ni münaqişəyə cəlb etmək üçün Ermənistan tərəfi atəşkəs rejimini Dağlıq Qarabağ ərazisində deyil, Azərbaycan - Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində pozur. Ermənistan ümid edir ki, sərhəddə baş verən münaqişəyə KTMT qurum kimi və üzv dövlətlər daha tez reaksiya verə bilərlər. Amma işğalçıların gözlədiyi kimi olmadı, KTMT və üzv dövlətlər olduqca təmkinli davrandılar və tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırdılar. Nazirlər Kabinetinin iclasında cənab Prezident bu məsələyə toxunaraq qeyd etdi ki, KTMT-ya müraciət etmək onların qorxaqlığının növbəti təzahürüdür. Eyni zamanda, KTMT-nın Ermənistandan başqa bütün üzvləri bizim dostlarımızdır"-deyən millət vəkili söyləyib ki, Azərbaycan 1990-cı illərin əvvəlindəki Azərbaycan deyil. Ölkəmiz bütün sahələr üzrə inkişaf edib və güclənib, möhkəm ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi mövcuddur. O cümlədən qüdrətli ordumuz formalaşıb.

"Ermənistan ordusunda ruh düşkünlüyü çox yüksəkdir. Zabitlər və əsgərlər döyüşməkdən imtina edib qaçmaq istəyirlər. Lakin onlar məcburən saxlanılır və həbs edilirlər. Bunu erməni ordusundakı təlaşı, nəzarətsizliyi əks etdirən onlarla videoların yayılması da təsdiqləyir. Bu kimi videoları təkcə sadə ermənilər deyil, zabitlər özləri də yayırlar"-deyən Fatma Yıldırımın fikrincə, Ermənistandan fərqli olaraq Azərbaycan xalqında və ordusunda döyüş ruhu çox yüksəkdir: "Döyüşlər başlayandan biz xalqın coşğusunun necə yüksək olduğunu görürük. Ötən günlər ərzində respublikamızın hər bir guşəsində ordumuza dəstək aksiyaları keçirilir, torpaqlarımızın işğaldan azad edilməsi üçün vətəndaşların müraciətlərini eşidirik. Cənab Prezident Nazirlər Kabinetinin iclasında bildirdi ki, bizim ordumuzun uğurlu əməliyyatı və əldə edilmiş nəticələr, hərbi qələbə, təbii olaraq Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaratdı, xalqımızı coşdurdu".
Millət vəkili diqqətə çatdırıb ki, iyulun 14-də axşam saatlarında Bakı şəhərində dövlətə və orduya dəstək aksiyası keçirilən zaman kiçik bir qrup təxribat edərək Milli Məclisin binasına hücum edib. Əlbəttə ki, bu hadisə əvvəlcədən düşünülmüş bir təxribat olub, ermənilərin və ermənipərəst dairələrin maraqlarına hesablanıb. Lakin bu təxribat baş tutmayıb.

Fatma Yıldırımın sözlərinə görə, vəziyyətlə əlaqədar ölkədə fəaliyyət göstərən siyasi partiyaların birgə bəyanat qəbul etməsi çox təqdirəlayiq haldır: "Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatları ilə əlaqədar siyasi partiyaların milli həmrəyliyə dair bəyanatı yüksək qiymətləndirilməlidir. Siyasi partiyaların belə bir gündə birlik və bərabərlik nümayiş etmələri, xalqın, dövlətin, Ali Baş Komandanın yanında olmaları, hamıya nümunə olmalı, təxribatçı və beşinci kolonun vəziyyəti gərginləşdirməyə çalışmasının qarşısı dərhal və qətiyyətlə alınmalıdır".


Etiketlər:  Ermənistanın məqsədi Azərbaycanın Dağlıq Qarabağ ərazisini ətraf rayonunu işğal altında saxlamaqdır Deputat


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ