Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2020 21:02
Bakı. Samir Əli - Trend:
Azərbaycan Ordusu ümumilikdə olduğu kimi Tovuz istiqamətində də daha güclü və effektiv döyüş aparmaq imkanına malikdir.
Bunu Trend-ə açıqlamasında hərbi siyasi icmalçı Ramil Məmmədli deyib.
O bildirib ki, Şəmkir hərbi birləşməsinin tərkibində yer alan Tovuz istiqamətindəki bölmələrimizin silah-texnika parkında müasir texnikalar yer alıb: "Bunlar raket-artilleriya sistemləri, pilotsuz uçuş aparatları (PUA), uçan silah "Harop" (Bu bəzən kamikadze dron da adlandırılır), o cümlədən hava hücumundan müdafiə qurğuları, REM və digər hərbi təyinatlı vasitələrdir. Həmin istiqamətdəki zirehli texnika parkına toxunmadan qeyd etmək istəyirəm ki, yuxarıda vurğuladığım silah-texnikalar dünyanın inkişah etmiş müdafiə sənayesi şirkətlərinin məhsullarıdır. Təyinatına görə, düşmənin dərinlikdəki mövqelərini məhv etmək imkanına malik olan bu hücum silahları Azərbaycan Ordusunda mənimsənilib və bəziləri 2016-cı ildə düşmənə qarşı istifadə olunub. Yuxarıda qeyd etdiklərimi əsas götürərək, xüsusi vurğulamaq istərdim ki, məhz bu silah-texnikaların, o cümlədən peşəkar hərbçilərimizin döyüş bilik-bacarığı sayəsində düşmənə ağır zərbə vuruldu. Ermənistan Ordusu mövqelərimizə hücum zamanı gözlənilmədən bölmələrinin dərinlikdə yerləşən məntəqələrinə zərbələrin vurulacağını gözləmirdi. Ağır mövqe döyüşlərinin getdiyi günlərdə ərazilərimizə soxulmağa çalışan Ermənistan ordusu üçün bu çox ağır zərbə idi. Ermənilər Azərbaycan Ordusunun istənilən şəraitdə müasir döyüş aparmaq qabiliyyətinə malik olduğunun bir daha şahidi oldular. Elə bunun nəticəsi olaraq, Ermənistan Ordusu çoxlu sayda canlı qüvvə, texnika və hərbi bölmələrin infrastrukturunu itirdi".
Hərbi ekspert bildirib ki, 2016-cı ildən sonra Azərbaycan mediası, xüsusən də sosial şəbəkələrdə döyüş bölgəsi və hərbi əməliyyatlarla bağlı bir sıra təxribat xarakterli məlumatlar yer almışdı: "Bu dəfə isə mətbuat dövlətin informasiya siyasətinə uyğun, düşmənin təxribat yaradacaq məlumatlarına məhəl qoymadan fəaliyyət göstərə bildi. Azərbaycan cəmiyyətinin fəal təbəqəsi də bu günlərdə ermənilərə qarşı informasiya müharibəsində milli maraqlarımız üçün savaşdı və sosial şəbəkələr vasitəsilə təxribatların qarşısını aldı. Bundan başqa Müdafiə Nazirliyi də hərbi əməliyyatların getdiyi istiqamətdən zəruri informasiyaları bölüşməklə yanaşı, Azərbaycan KİV-lərinin həmin ərazidə fəaliyyətinə şərait yaratdı. Bu da onlayn rejimdə Azərbaycan cəmiyyətinin döyüş meydanından informasiya ilə təminatı deməkdir. Yəni ermənilərin bütün cəhdlərinə baxmayaraq, ölkə mediası, o cümlədən sosial şəbəkələrdəki fəal bloqerlər düşmənə qarşı vahid mövqe nümayiş etdiriblər".
R.Məmmədli deyib ki, Azərbaycan xalqı Ordunun və Ali Baş Komandanın yanında olduğunu bir daha bəyan etdi və müharibədə döyüşmək əzmini dünyaya nümayiş etdirdi: "Əlbəttə, aprel döyüşlərində də xalqımız ordunu dəstəkləmişdi, lakin bu dəfə proses kütləvi hal aldı və xalq mübarizənin önündə olmaq əzmini bəyan etdi".