Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2020 10:32
Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda saxlama müddəti ötmüş müxtəlif əmtəə nişanlı qazlı və qazsız su aşkarlayıb.
Agentlikdən Trend-ə verilən məlumata görə, daxil olan müraciət əsasında Agentliyin əməkdaşları Bakı şəhəri, Nəsimi rayonu, Seyid Cəfər Pişəvari 2A ünvanında yerləşən satış məntəqəsində baxış keçiriblər. Həmin obyektdə saxlama müddəti ötmüş və temperatur rejiminə əməl olunmadan “Aqromall” MMC şirkəti tərəfindən saxlanılan, Tacikistan istehsalı olan 15 800 ədəd 0.5 litrlik “Obi Zulol” əmtəə nişanlı su, 8 989 ədəd 0.5 və 1 litrlik “Siyoma” əmtəə nişanlı qazlı və qazsız su, 1000 ədəd isə “Xavotaq” əmtəə nişanlı 1.25 litrlik su aşkarlanıb.
Qanunvericiliyin tələbləri çərçivəsində məhsullar dərhal satışdan kənarlaşdırılıb. Həmin məhsulların satışının qadağan olunması ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.