Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan ordusunun ''intellektuallığı'' və Paşinyanın yeddi şərtinə Türkiyənin cavabı haqqında

Ermənistan ordusunun ''intellektuallığı'' və Paşinyanın yeddi şərtinə Türkiyənin cavabı haqqında

Tarix: 31 Iyul 2020 12:36

Ermənistan hökumətinin bu yaxınlarda keçirilmiş iclasında baş nazir Nikol Paşinyan iyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində gərginliyin artmasına yekun vurub. Etiraf etmək lazımdır ki, o artıq neçənci dəfə özünün absurd nəticələri ilə hamını heyrətləndirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, baş nazir çıxışına bu sözlərlə başlayıb: "Ermənistan azərbaycanlıların hərbi üstünlüyü barədə yayılmış mifi alt-üst edib".

Ermənilərin "məntiq"ini açıqlamaq həmişə çətin olub. Paşinyanın səsləndirdiyi tezis də erməni "məntiqi" kateqoriyasına tam uyğundur.

Bəs Ermənistan konkret olaraq hansı mifi alt-üst edib? İyulun 12-də Ermənistanın xüsusi təyinatlı dəstələri Lələtəpə-2016 əməliyyatına görə qisas almaq üçün şiddətli artilleriya atəşindən sonra Qaraqaya yüksəkliyini və Azərbaycan sərhədçilərinin orada yerləşən postunu tutmağa cəhd göstəriblər. Onlar bu qəfil hücuma haqq qazandırmaq üçün belə bir rəvayət uydurublar ki, guya Azərbaycana məxsus UAZ avtomobili Ermənistan sərhədinə hücum edib. Halbuki, həmin UAZ eyni yolla bəlkə 1000 dəfə gedib-gəlib.

Ermənilərin bu əməliyyatı lap əvvəldən onlar üçün uğursuz olub. Azərbaycan sərhədçiləri düşmən tərəfindən onların üzərinə dolu kimi yağdırılan artilleriya mərmilərinə baxmayaraq erməni xüsusi təyinatlılarının bizim posta yaxınlaşmasına imkan verməyib, hərbçilərimiz tərəfindən kömək gələnə qədər davam gətiriblər. Bundan sonra şiddətli atəşə məruz qalmış erməni "komandos"ları arzu etdikləri posta çatmadan geri çəkilməyə başlayıblar. Bu geri çəkilmə onlar üçün təsvirəgəlməz fəlakətə çevrilib, çünki bu dəfə Azərbaycan artilleriyası onlara demək olar ki, birbaşa tuşlanmışdı.

Yeri gəlmişkən, həmin günlərdə bu, ermənilərin yeganə manevri oldu, qalan müddətdə pilotsuz uçuş aparatları və artilleriya işə salınmışdı. Azərbaycan Müdafiə Nazirliyinin videokadrları Paşinyanın "mif" adlandırdığı hadisələrin həqiqət olduğunu təsdiq edir. Azərbaycan hərbçiləri birbaşa hədəfə vururdular!

Vəssalam! Bundan sonra tərəflərdən heç birinin xeyrinə mövqe dəyişikliyi olmadı. Təmas xəttini dəyişmək məqsədini qarşıya qoyan Azərbaycan hərbçiləri deyil, məhz erməni hərbçiləri idi. Onlar faktiki olaraq heç bir məqsədə nail olmadılar, havadan məhv edilmiş texnika və postları öz yerində, xeyli canlı qüvvə də itirdilər. Azərbaycan isə öz qarşısına ermənilərin planlarının həyata keçməsinə imkan verməmək məqsədi qoymuşdu və real döyüş şəraitində ermənilərin real hədəflərinə hücum təlimi keçirməklə asanlıqla öz məqsədinə çatdı. Doğrudur, canlı qüvvə itkisi də olub, lakin müharibədə belə də olmalıdır. Xüsusən ona görə ki, hər iki tərəfdən itki oldu.

İndi isə soruşuruq: Ermənistan öz məqsədlərinə nail olmadığı, Azərbaycan isə öz məqsədlərinə çatdığı halda Ermənistan konkret olaraq hansı mifi puç edib? Paşinyan hökumət üzvlərini aldadır ki, guya Ermənistan silahlı qüvvələri düşmənin hücumlarını dəf etməklə bərabər ona ciddi ziyan vurub.

Hansı hücumdan söhbət gedir? Azərbaycan hərbçiləri düşməni dəf edib, pilotsuz uçuş aparatları Ermənistanın hava məkanına qalxaraq hədəflərə zərbələr vurublar. Dərc edilmiş video kadrlardan sonra bu faktı inkar etmək mümkün deyil! Paşinyan özü də duymadan ehtiyatsız şəkildə ağzından qaçırıb: "Son iki həftə ərzində hadisələrin mərkəzində olan mövqelər Ermənistan ərazisindədir. Ermənistanın təcavüzü barədə Azərbaycanın ittihamları sadəcə əsassızdır".

Gəlin bu barədə bir qədər ətraflı söhbət açaq. Əgər bu belədirsə, Paşinyanın özünün etiraf etdiyi kimi döyüşlər Ermənistan ərazisində gedib və orada başa çatıbsa, Arsrun Ovanesyanın etiraf etdiyinə görə yekunda heç bir mövqe dəyişikliyi baş verməyibsə, onda Ermənistanın hansı "mini qələbəsi" barədə danışmaq olar? Belə çıxır ki, Ermənistan silahlı qüvvələri öz ərazisinin bir hissəsini azad etməyə və sərhədi nizamlamağa çalışıblar, lakin bunu edə bilməyiblər. Bəs hanı sizin uğurunuz və Azərbaycanın konkret uğursuzluğu nədən ibarətdir?

Paşinyan sonda deyib: "Ermənistan ön xəttə öz mövqelərini artıqlaması ilə möhkəmlədib". Yenə sual olunur: əgər təmas xətti dəyişməyibsə, döyüşən tərəflərin hər ikisi öz əvvəlki postlarında qalıbsa (Azərbaycan düşmən tərəfin hər hansı postunu ələ keçirməyi öz qarşısına məqsəd qoymamışdı, hərçənd hadisələrin gedişində bu postları bombalayıb - nə gizlədək!), erməni mövqelərinin möhkəmlənməsi konkret olaraq nədə ifadə olunur?!

Paşinyan deyib: "İndi inamla demək olar ki, Ermənistan silahlı qüvvələri, Ermənistan ordusu yüksək döyüş hazırlığı səviyyəsini nümayiş etdirməklə yanaşı, regionda ən yüksək döyüş qabiliyyətli və intellektual ordu statusunu təsdiq etdi".

Əgər Qaraqaya yüksəkliyini tutmaq üçün keçirilən əməliyyat uğursuz olubsa, erməni ordusunun döyüş hazırlığının yüksək səviyyəsi nədən ibarətdir, əgər bu əməliyyat taktiki baxımdan çox keyfiyyətsiz planlaşdırılıb və daha pis şəkildə həyata keçirilibsə, erməni ordusunun intellektuallığı nədən ibarətdir? Paşinyan boş-boş danışmağını münaqişənin həllinin yeddi şərtini şərh etmək formasında davam etdirib.

Əlbəttə, onu yeddiqat söyərək danışdıqlarına heç bir əhəmiyyət verməmək olar, lakin burada bir məqam diqqəti cəlb edir. Vovayeviç danışıqlar masası arxasına "arsaxlı" marionetləri əyləşdirməyi, Türkiyəni nizamlama prosesinə yaxın buraxmamağı tələb edir və üstəlik, ATƏT-in Minsk qrupu ilə qarşılıqlı fəaliyyətin davam etdirilməsinin tərəfdarı olduğunu bildirir. Lakin o unudur ki, ümumiyyətlə desək Türkiyə həmin Minsk qrupunun üzvüdür, qondarma "arsax" isə həmin qrupa daxil deyil.

Paşinyanın "resepti" belədir: Türkiyə prosesdən istisna edilsin, oraya "arsax" daxil edilsin.

Təsadüfi deyil ki, Minsk qrupunun həmsədrləri Ermənistanın baş nazirinin bu çıxışına dərhal reaksiya verərək bildirdilər ki, danışıqlar prosesinin formatında dəyişiklik olmayacaq.

Yeri gəlmişkən, Türkiyə özü də buna münasibət bildirib. Bu gün Naxçıvanın mərkəzi prospektində Türkiyə hərbi qulluqçularının son 100 ildə ilk dəfə keçirilən paradı Paşinyanın yeddi bənddən ibarət şərtlərinin hamısına Türkiyə və Azərbaycanın birgə cavabıdır. Ümidvarıq ki, həmin paradın əks-sədası Vovayeviçin iqamətgahına çatmış olar!

Milli.Az


Etiketlər:  Ermənistan ordusunun intellektuallığı Paşinyanın yeddi şərtinə Türkiyənin cavabı haqqında


RƏYLƏR