Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2020 16:30
Bakı. Ceyhun Ələkbərov - Trend:
Bir neçə gün öncə yağan güclü yağış nəticəsində yaranan sel suları Şamaxı rayonu Quşçu kəndi ərazisində Antik dövrə aid nekropolun aşkar olunmasına səbəb olub. Sel suları kənd sakini Namiq Mustafayevə məxsus həyətyanı sahədə qədim qəbirlərin üzərini açıb. Kənd sakini bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə məlumat verib.
Dövlət Xidmətindən Trend-ə bildirilib ki, bununla əlaqədar AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı Arxeoloji Ekspedisiyasının rəisi Akif Quliyev və rayon üzrə abidə mühafizəçisi Yasin Nuriyev əraziyə baxış keçiriblər. Baxış zamanı məlum olub ki, sel suları nəticəsində vətəndaşa məxsus həyətyanı sahənin yamac hissəsində 9 qəbir üzə çıxıb. Torpaq qəbirlərin üzəri iri sal daşlarla bağlanıbmış. Qəbirlər torpaq səthindən 1,5-1,8 metr dərinlikdə yerləşir.
Ərazidə aparılan araşdırmalar nəticəsində 10 ədəd müxtəlif ölçülü və biçimli saxsı məmulatlar, saxsıdan olan fiqurlar - bütlər, qrifon, heyvan fiqurları (at, qoç), metal pullar aşkar olunub. Tapıntılar arasında quş başlı insan fiqurlar böyük maraq doğurur. Bu tip qrifonlar Qədim Misirdə müdriklik və elm ilahəsi Totu səciyələndirirdi.
Qəbir kamerasından aşkar edilmiş numizmatika materialları nekropolun b.e. I əsrinə aid olduğunu təsdiqləyir. Abidədə aparılacaq arxeoloji tədqiqat işləri bir çox mətləblərə aydınlıq gətirəcək.
Qeyd edək ki, Şamaxı rayonunun Quşçu kəndi Antik və İlk Orta əsrlər dövrlərinə aid abidələrlə zəngindir. Vaxtı ilə burada Qalacıq yaşayış yeri, Antik və İlk Orta əsrlər dövrünə aid nekropollarda geniş miqyaslı arxeoloji tədqiqat işləri aparılıb.