Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2020 21:36
Azərbaycanda quraşdırılacaq yeni seysmik stansiyalar üçün yerlərin seçilməsinə artıq başlanılıb.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Hüseynova deyib.
Onun sözlərinə görə, 2021-ci ilin yanvarın sonunda 22 yeni stansiyanın quraşdırılması üçün Azərbaycana seysmik cihaz və avadanlıqlar gətiriləcək. Cihaz və avadanlıqlar Ukrayna Elm və Texnologiya Mərkəzinin maliyyə dəstəyi ilə ABŞ-ın "Kinemetriks" şirkətindən alınacaq.
V.Hüseynova qeyd edib ki, seysmik stansiyalar "Qafqazda və Mərkəzi Asiyada Seysmik Şəbəkənin Genişləndirilməsi (Seismic Network Expansion in the Caucasus and Central Asia)" layihəsi çərçivəsində quraşdırılacaq.
V.Hüseynova əlavə edib ki, hazırda Azərbaycanda yeraltı təkanlar 62 seysmik stansiya vasitəsilə qeydə alınır. Onun 35-i daimi stansiyadır. Stansiyaların hamısı peyk rabitəsi ilə işləyir.
Mərkəz rəsmisi əlavə edib ki, yeni stansiyalar quraşdırıldıqdan sonra ölkə ərazisində 84 seysmik stansiya fəaliyyət göstərəcək.
Onun sözlərinə görə, stansiyaların sayı artıqca tədqiqatların keyfiyyəti də yüksələcək, ən kiçik, hiss edilməyən zəlzələləri də qeydə almaq imkanı olacaq.