Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Avqust 2020 13:20
Bakı. Trend:
Özünüməşğulluq proqramına cəlb olunan şəxslər hazırkı pandemiya dövrü ilə əlaqədar olaraq təlimlərə cəlb edilmədən onlara aktivlər veriləcək. Lakin xüsusi karantin rejimi bitdikdən sonra onların təlimlərdən faydalanmaları təmin ediləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bu proqram çərçivəsində ildə 12-15 min mikro, kiçik biznes yaradılacaq. Beynəlxalq və yerli tərəfdaşlar, ayrı-ayrı dövlət strukturları da bu proqrama aktiv şəkildə qoşulmaqdadır. Dünya Bankı, yerli banklar, BMT-nin İnkişaf Proqramı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Kənd Təsərrüfatı Nazirliyi, KOBİA, ABAD, Qida Təhlükəziliyi Agentliyi bu proqrama qoşularaq dəstəyini verir. Proqramın icrası və genişləndirilməsi prosesinə qoşulan qurumların sırasının genişlənməsi həm də burada gələcəkdə dəyər zəncirinin yaradılmasına imkan verəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev müsahibəsində qeyd edib ki, özünüməşğulluq proqramının icrası, proqrama cəlb edilənlər, onların aktivlərlə təminatı barədə bütün məlumatların elektron platforma üzərindən, nazirliyin saytında (sosial.gov.az) tam şəkildə ictimai açıqlığı da təmin edilir. Bu da hər kəsin burada bir ictimai nəzarətçiyə çevrilməsinə imkan verib.