Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyev: Bütün layihələr uğurla icra edilir

Prezident İlham Əliyev: Bütün layihələr uğurla icra edilir

Tarix: 10 Avqust 2020 16:21

Bütün layihələr uğurla icra edilir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Qarabağ" yatağının dayaq blokunun dənizə yola salınması mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

"Bu gün bu barədə mənə kiçik təqdimat edildi. Bildiyiniz kimi, "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının işlənilməsi üzrə bütün işlər plan üzrə gedir. Burada inşa edilən yeni platforma onu göstərir ki, bu yataqların uzunmüddətli işlənməsi artıq reallıqdır. Bildiyiniz kimi, kontraktın müddəti uzadılıb və Azərbaycan bundan böyük fayda götürür, bizə bir neçə milyard dollar dəyərində bonus ödənilib.

"Azəri", "Çıraq" və "Günəşli" yataqlarında hasilatın sabit saxlanması əlbəttə ki, bizim üçün vacib məsələdir. Eyni zamanda, Azərbaycan ictimaiyyəti onu da bilməlidir ki, bizim qaz potensialımızın önəmli hissəsi "Azəri", "Çıraq" və "Günəşli" yataqları hesabına formalaşır. Çünki orada hasil olunan qaz ümumi sistemimizə daxil edilir. Ona görə "Azəri-Çıraq-Günəşli" ilə bağlı bütün işlər plan üzrə gedir və bu yataq bizim əsas gəlir mənbəyimizdir. Bunu hər kəs bilməlidir.

Eyni zamanda, "Şahdəniz-2" layihəsi uğurla icra edilir. Bu, dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. Bildiyiniz kimi, "Şahdəniz-2"nin tammiqyaslı işlənilməsi bizə əlavə 16 milyard kubmetr qaz verəcək. Həm öz tələbatımızı ödəyəcəyik, həm də ki, ixrac üçün böyük həcm yaranacaqdır.

Gələn il "Abşeron" qaz-kondensat yatağından ilk qazın hasilatı gözlənilir. "Abşeron" yatağının işlənilməsinin iki mərhələsi olacaqdır. Birinci mərhələ nəticəsində 1,5 milyard kubmetr qaz hasil ediləcək və bu qaz Azərbaycanda istehlak olunacaq. Çünki artan sənaye potensialımız diktə edir ki, bizə əlavə resurslar lazımdır. Ona görə 1,5 milyard kubmetr qaz ölkə daxilində istehlak olunacaq. Biz "Abşeron" yatağının ikinci mərhələsinin başlanmasına da yaxınlaşırıq. Orada hasilat yəqin ki, 3-4 dəfə artıq olacaqdır. Bu da bizim qaz potensialımıza müsbət təsir göstərəcəkdir.

"Şəfəq-Asiman" yatağı üzrə işlər qrafik üzrə gedir. İndi qazma işləri aparılır. Bu yatağın da çox böyük potensialı var. Əlbəttə, qazma işləri ehtiyatların dəqiq həcmini göstərəcək. Ancaq yadımdadır ki, hələ Neft Şirkətində işlədiyim dövrdə bizim mütəxəssislər orada təqribən 400-500 milyard kubmetr həcmində qaz ehtiyatının mövcudluğunu qeyd etmişdilər. Hər halda, hesab edirəm ki, qazma işləri yaxın gələcəkdə başa çatacaq və bu haqda daha dəqiq məlumat olacaqdır".


Etiketlər:  Prezident İlham Əliyev Bütün layihələr uğurla icra edilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ