Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Avqust 2020 10:22
Ölkəmizdə məktəblərin fəaliyyətə başlaması bütün hallarda olacaq. Bu açılmaya təsir edən başlıca amil pandemiya şəraitinin hansı səviyyədə olmasıdır.
Sonxeber.net xəbər verir ki, bu sözləri baku.ws-ə açıqlamasında Milli Məclisin Elm və Təhsil komitəsinin sədr müavini Musa Qasımlı bildirib.
Onun sözlərinə görə, əsas məsələ dərslərin hansı formada keçiriləcəyindən ibarət olacaq: "Ənənəvi formada dərslərin bütün təhsil sistemində keçirilməyəcəyi indidən aydın görünür. Çünki koronavirus pandemiyasına qədərki şəraitdə olan təhsillə, indiki arasında çox fərq olacaq. Biz üzə-üzə təhsilin daha az olacağını görəcəyik.
Dərslər müxtəlif formalarda keçirilə bilər. Hesab edirəm ki, bizim ölkəmizdə orta məktəblərdə dərslər şəraitə uyğun olaraq, koronavirus pandemiyasının səviyyəsinə müvafiq qarışıq formada, yəni həm üzbəüz, həm də virtual məktəb layihəsi formasında keçirilə bilər.
Valideynlərin məktəbə hazırlıq işlərini aparmasındakı əndişələrini də başa düşmək lazımdır. Qeyri-müəyyənlik onlara da təsir göstərir. Düşünürəm ki, yaxın bir neçə həftə ərzində hər şey aydın olacaq. Bu gün böyük ticarət mərkəzləri işləməsə də, digər yerlər fəaliyyət göstərir. Bizim hər bir vətəndaşımız Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə ciddi riayət etməklə məktəbli övladları üçün bazarlığı edə bilər. Tibbi maska taxmalı, sosial məsafə saxlamalı və gigiyena qaydalarına riayət etməlidir.
Bu vəziyyətin aradan qaldırılması daha çox vətəndaşlarımızın davranışından asılıdır. Çünki dövlət və hökumət orqanlarımız özlərindən asılı olan hər şeyi indiyə qədər ediblər. Bundan sonra vətəndaşların məsuliyyətli davranışı tələb olunur".