Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Avqust 2020 18:51
Bakı. Trend:
Avqustun 22-də saat 13 radələrində Salyan rayon sakini Bəsti Səfərovanın iş yerində bıçaqla vurularaq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Salyan rayon prokuroluğundan Trend-ə verilən məlumata görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.
Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.
Aparılmış araşdırmalarla 1982-ci il təvəllüdlü Namid Əliyevin arvadı Bəsti Səfərovanın baş tibb bacısı işlədiyi Salyan rayon Mərkəzi xəstəxanasına gələrək qısqanclıq zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla sonuncunun boyun nahiyyəsinə xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Hadisə yerindən qaçmış Namid Əliyev həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayonu ərazisində müəyyən edilmiş, o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda iş üzrə zəruri və intensiv istintaq tədbirləri davam etdirilir.