Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2020 13:24
Bakı. İlhamə İsabalayeva - Trend:
BMT-nin Qaçqınlar üzrə Agentliyi olan BMT QAK bu gün açıqlanmış “Qaçqınların təhsili üçün bir araya gələk” başlıqlı hesabatında COVID-19-un qaçqınların təhsilinə fəlakətli təsirlərini aradan qaldırmaq üçün beynəlxalq birlik tərəfindən təcili və qətiyyətli tədbir görülməsə, dünyanın ən həssas durumda olan bəzi icmalarında yaşayan milyonlarla gənc qaçqının potensialına əlavə təhlükə yaranacağı barədə proqnoz verib.
BMT QAK-ın Azərbaycandakı nümayəndəliyindən Trend-ə verilən məlumata görə, hesabatdakı məlumatlar 2019-cu tədris ilindən götürülmüş təhsil alanlar barədə ümumi rəqəmlərə əsaslanır.
Hər bir ölkədə uşaqlar COVID-19-un onların təhsilinə təsiri ilə mübarizə aparsalar da, hesabatda bu qənaətə gəlinir ki, qaçqın uşaqlar xüsusilə əlverişsiz durumdadırlar. Pandemiyaya qədər qaçqın uşağın təhsildən kənarda qalması ehtimalı qeyri-qaçqın uşaqla müqayisədə iki dəfə çox idi. Bu durum daha da pisləşəcəkdir – məktəblərin bağlanması, təhsil haqlarının, məktəbli formalarının və ya kitabların dəyərinin ödənilməsində çətinliklər, texnologiyalara çıxış imkanının olmaması ucbatından və yaxud ailələrinə yardım üçün işləməli olmaları səbəbindən çoxları təhsillərini davam edirmək imkanına malik olmaya bilərlər.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib ki, artıq dünyadakı qaçqın uşaqların yarısı məktəbə getmir.
“Onların məruz qaldığı bütün məşəqqətlərdən sonra bu gün biz onları təhsildən məhrum etsək, gələcəklərini əllərindən ala bilərik. Pandemiyanın yaratdığı böyük problemlərə baxmayaraq, qaçqınlara və onları qəbul etmiş icmalara daha çox beynəlxalq dəstək göstərməklə biz ötən illərdə qaçqınların təhsili sahəsində əldə edilmiş böyük nailiyyətləri qorumağın innovativ üsullarını genişləndirə bilərik.
Daha çox dəstək olmasa, məktəblərdə, universitetlərdə texniki-peşə təhsili müəssisələrində şagirdlərin sayının dayanıqlı şəkildə artması istiqamətində çətinliklə əldə edilmiş nailiyyətlər (bəzi hallarda həmişəlik olaraq) əldən verilə və Dayanıqlı inkişaf məqsədlərindən 4-cüsünə – “hər kəs üçün inklüziv və keyfiyyətli təhsili təmin etmək” məqsədinə nail olmağa yönələn səylərə xələl gətirilə bilər" deyə F.Qrandi əlavə edib.
Hesabatda yer alan 2019-cu ilin məlumatları dünyadakı qaçqın uşaqların yarısından çoxunu qəbul etmiş on iki ölkədən əldə edilmiş məlumatlara əsaslanır. İbtidai məktəblər ümumilikdə uşaqların 77%-ini əhatə etdikləri halda, orta məktəblər yeniyetmələrin yalnız 31%-ini əhatə edir. Ali təhsil səviyyəsində qaçqın gənclərin yalnız 3%-i əhatə olunub.