Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyun 2019 13:57
Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Ermənistanı Suriya ermənilərini Azərbaycanın işğal altındakı torpaqlarına yerləşdirməkdə ittiham edib.
Trend-in məlumatına görə, azərbaycanlı deputat "Suriyada vəziyyət: siyasi həlli üçün perspektivlər?" adlı qətnamə layihəsinin müzakirəsi zamanı AŞ PA-nı Ermənistana təzyiq göstərməyə çağırıb.
Q.Paşayeva bildirib ki, Suriyada bir neçə ildir davam edən müharibə II Dünya müharibəsindən sonra dünyanın üzləşdiyi ən ağır humanitar böhrana gətirib çıxarıb: "Hamımızın gözləri önündə dəhşətli bir faciə yaşanır. Yaxın Şərq və getdikcə Avropa üçün də ciddi problemlər yaradan Suriya probleminin siyasi həlli çox vacibdir. İnsanları məcburi köçkün salan səbəblərlə mübarizə aparmaq və onlara Avropa təşkilatlarının, ölkələrinin dəstəyini artırmaq lazımdır. Əks halda faciənin miqyası daha da böyüyəcək. Suriyadan məcburi köçkün düşmüş türkmənlər AŞ PA-nı yaşadıqları faciələrə daha çox diqqət ayırmağa çağırır və problemin həllinə daha çox dəstək gözləyirlər. Suriyadan məcburi köçkün düşmüş bütün insanlar da bu çağırışı səsləndirirlər. Biz onların səsini duymalı və dəstəyimizi artırmalıyıq. AŞ PA Suriya ilə böyük sərhədləri olan və bu ölkədən köçkün düşmüş üç milyondan artıq insana qapılarını açmış Türkiyəyə də dəstəyini artmalıdır. Türkiyə onlar üçün ümid, xilas qapısıdır. Avropa Şurası, AŞ PA dünyada ən çox köçkünün sığındığı Türkiyəyə daha çox dəstək olmalıdır".
Azərbaycanlı deputat Suriyada yaşanan faciələrdən qaçmaq məcburiyyətində qalan insanlara etnik və dini mənsubiyyətindən asılı olmayaraq, dəstək göstərməyin vacibliyinə də toxunub: "Onlardan hansısa çirkin siyasi oyunlar üçün istifadə etmək doğru deyil. Ona görə də Suriyadan qaçmaq məcburiyyətində qalan ermənilərin rəsmi İrəvan tərəfindən Ermənistanda deyil, Azərbaycanın işğal altındakı torpaqlarında yerləşdirilməsinin ATƏT-in faktaraşdırıcı missiyasının çağırışlarına da zidd olduğunu diqqətə çatdırır və buna son qoyulmasının vacibliyini xüsusi vurğulamaq istəyirəm. Ermənistan onları öz ərazisində deyil, məhz işğal etdikləri Azərbaycan torpaqlarına yerləşdirməklə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə böyük zərər vurur. Biz Ermənistanı bu çağırışlara əməl etməyə, Suriyadan köçkün düşmüş insanların münaqişə bölgələrinə köçürülməsinə son verilməsinə çağırırıq".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin