Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2019 12:45
Bakı. Trend:
3-7 iyul tarixində ölkəmizdə ilk dəfə Respublika Sənətkarlıq Festivalı keçiriləcək.
Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, festival Bakı şəhərində keçiriləcək YUNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində təşkil olunur.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq festival üçün bir sıra dövlət orqanları, özəl və qeyri-hökumət təşkilatları, sahibkarlarla əməkdaşlıq edilir. “I Love Baku” şəbəkəsi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Sənaye Korporasiyasının “Azəripək” MMC-si, Səbail Rayon İcra Hakimiyyəti, “ABAD”, Yasamal rayon Əlillər Təşkilatı, Bakı Milli Geyim Evi, Türbət Mədəniyyət Mərkəzi, “Libraff” mağazalar şəbəkəsi I Respublika Sənətkarlıq Festivalının tərəfdaşlarıdır. Eyni zamanda ölkənin aparıcı informasiya portalları da festivala informasiya dəstəyi göstərir.
Festivalda respublikamızın paytaxt və regionlardan olan sənətkarların iştirakının təmin olunması məqsədilə sənətkarlığın müxtəlif istiqamətləri ilə peşəkar səviyyədə məşğul olan ustalar dəvət edilmişdir. Festival beynəlxalq təcrübə nəzərə alınaraq, insanların daha rahat gəlmələri üçün açıq səma altında, Azərbaycan Akademik Dövlət Gənc Tamaşaçılar Teatrının qarşısındakı meydanda Nizami küçəsində təşkil ediləcəkdir. Tədbir festival-yarmarka və karnaval formasında keçiriləcək. Festivalın keçirilməsi üçün 40 müxtəlif formalı örtüklü, müasir tərtibatlı və hər birində 2-3 sənətkarın öz işlərini sərgiləyəcəyi stendlər quraşdırılacaq. Tədbirdə Bakı və Sumqayıt şəhəri, habelə Abşeron yarımadasının digər yerlərində fəaliyyət göstərən təxminən 60 sənətkar, bölgələrdən 40-a yaxın sənətkar dəvət edilib.
Tədbirin keçiriləcəyi ərazidə informasiya-məlumat mərkəzləri yaradılacaqdır. Festival ərəfəsində əl işlərinin marketinqi sahəsində müasir, innovativ üsulların istifadəsi, həmçinin milli dəyərlərin yaşadılması istiqamətində mütəxəssislərin və sənətkarların iştirakı ilə konfrans keçiriləcəkdir (Milli Kitabxanada).
Festivalda gənc nəslə, ziyarətçilərə əl işləri sənətinin texnologiyasının öyrədilməsi, nümayiş etdilməsi məqsədilə “master club” qurulacaq və ustad dərsləri təşkil ediləcəkdir. Yeni əl işləri sənətinin nümunələrinin təqdim olunması və onlara dəstək göstərilməsi üçün “wall art” və “street art” üçün şərait yaradılacaqdır. Festivalın cəlbediciliyinin artırılması üçün “şəhərcik” plan-quruluşundan istifadə ediləcəkdir. Belə ki, uyğun və ya yaxın sənətkarlıq istiqamətləri eyni stenddə yerləşdiriləcək və bu stendlər simvolik olaraq sənətkarlıq kəndini, qəsəbə və məhəlləsini formalaşdıracaqdır. Beləliklə Festivalı ziyarət edən şəxslər “xalçaçılar kəndi”, “dulusçular məhəlləsi, “misgərlər qəsəbəsi” və s. ilə tanış olacaqlar. Festival barədə kitabçalar və kataloqlar nəşr olunacaq, iştirakçılar diplomlarla təltif ediləcəklər. Festival hər gün saat 9:00-21:00 arası keçiriləcəkdir. Mədəniyyət Nazirliyinin tabeliyində olan təşkilatların, habelə yaradıcı birliklərin iştirakı ilə festival günlərində - hər gün saat 19:30-20:30 arası konsert proqramı təşkil olunacaqdır. Festivalda uğurla iştirak edən, əl işlərinin keyfiyyəti və aktuallığı ilə seçilən sənətkarların xarici ölkələrdə keçirilən beynəlxalq sərgi-yarmarkalarda, habelə digər tədbirlərdə iştirakına köməklik göstəriləcək.
I Respublika Sənətkarlıq Festivalının açılış mərasimi 2019-cu ilin 3 iyul tarixində saat 19:00-da baş tutacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin