Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2020 18:28
Bakı. Trend:
15 sentyabr 2020-ci ildə “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin Baş ofisində Bankın səhmdarlarının ümumi yığıncağı təşkil edilib. COVİD-19 pandemiyasının yaratdığı məhdudiyyətləri nəzərə alaraq iclas materialları ilə tanışlıq və səhmdarların səsverməsi qiyabi formatda keçirilib.
Yığıncaqda “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş 2019-cu il üzrə maliyyə hesabatı təsdiqlənib. Qeyd edək ki, son illərdə həyata keçirilən tədbirlər nəticəsində Bankın kapital mövqeyi, maliyyə dayanıqlılığı, mənfəətliliyi təmin edilib. Azərbaycan Beynəlxalq Bankının 2019-cu ildə qazandığı mənfəət 2018-ci ildə olduğu kimi ötən il üzrə də səhmdarlara dividend ödəməyə imkan verir. Beləliklə, yığıncaqda 2019-cu ilin maliyyə nəticələrinə əsasən, bank səhmdarlarına dividendin ödənilməsi məsələsinə baxılıb. Hər səhm üzrə 0,0326 AZN olmaqla səhmdarlara ötən ilin mənfəətindən 150 milyon manat dividendin ödənilməsi qərara alınıb.
Bununla yanaşı, səhmdarlar qiyabi səsvermə əsasında Bankın Nizamnaməsini yeni redaksiyada təsdiqləyiblər. Təqdim edilən materiallarda səhmdarlara Bankın missiya və strateji baxışı barədə də məlumat verilib.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.