Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2020 19:18
“Bilirik kimə qarşı oynayacağıq. “Qalatasaray”ın səviyyəsindən çox danışmağa ehtiyac yoxdur”.
Qol.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Qalatasaray”la keçiriləcək oyunu dəyərləndirərkən deyib.
Bakı klubunun çalışdırıcısı bu gün təşkil olunan mətbuat konfransında Türkiyə nəhəngi ilə görüşə hazır olduqlarını söyləyib: “Rəqib barədə ətraflı analiz aparmışıq, futbolçuları məlumatlandırmışıq. Sabah qələbə üçün bütün oyunçularım əllərindən gələni edəcəklər. Əgər 1 faiz şansımız varsa, ondan maksimum yararlanmağa çalışacağıq”.
- "Qalatasaray"ın ən güclü tərəfi hücum xətti görünür. Amma "Neftçi"də dayaq yarımmüdafiəçisi mövqeyi ilə bağlı problemləri var...
- Rəqibin güclü və zəif tərəflərini bilirik. Əgər son oyuna görə belə deyirsinizsə, haqlısınız. Amma sabahkı oyun tam başqa olacaq. Rəqibi tam analiz etmişik deyiriksə, deməli, ona qarşı hansısa planlarımız var.
- "Sumqayıt"la matçdan sonra demişdiniz ki, oyunçulardan tam razı qalmadınız. Heyətdə dəyişiklik gözlənilir?
- Hələ tam qərar verməmişik. Son məşqimizi də keçdikdən sonra qərar verəcəyik.
- Komandanı psixoloji "yama"dan çıxarmaq üçün nə etmisiniz?
- Düşünmürəm ki, "yama"dayıq. Sadəcə, məğlub olmuşuq. Komandanı maksimum dərəcədə psixoloji cəhətdən hazırlayacağıq. Futbolçularımız təcrübəlidirlər, belə rəqiblərə qarşı oynayıblar.
- Bu oyunu sizin və komandanız üçün böyük şans saymaq olar?
- Belə komandalara qarşı uğur qazanmaq tarixə düşməkdir. Hər bir futbolçumuz da qələbə qazanıb, "Neftçi"nin tarixinə düşmək istəyir.
- Son oyun göstərdi ki, müdafiə xəttində problem var. Sabah onlardan nə gözləyirsiniz?
- Yaxşı oyun gözləyirəm. Mbodjla heç bir problemim yoxdur. O, səhvlərini gördü, bir-birimizi başa düşdük. Komandamdan gözəl, mübariz, döyüşkən oyun gözləyirəm.
- Matça qısa müddət qalmış stadion dəyişdi. Bu, sizin planınıza nə dərəcədə təsir etdi?
- Elə təsiri olmadı. Doğma şəhərimizdə oynayırıq. Milli komandamız da bu arenada çıxış etmişdi.
- Emin Mahmudovla bu oyun haqda xüsusi söhbət olubmu? Çünki onun oyunu alınanda komanda yaxşı çıxış edir...
- Mənim üçün hər bir futbolçu dəyərlidir. Bütün futbolçularla həm individual, həm də komanda şəklində danışmışıq. Onlar balaca deyillər, oyuna tam hazırdırlar.
- Yeni hücumçunun son durumu nədir?
- Tam qərarı son məşqin ardından verəcəyik. Onun durumu ürəyimcədir (apasport.az).