Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yüz minlərlə insan təhlükədə: Bu kranlar hər an başımıza aşa bilər - VİDEO

Yüz minlərlə insan təhlükədə: Bu kranlar hər an başımıza aşa bilər - VİDEO

Tarix: 18 Sentyabr 2020 18:08

Şəhərin müxtəlif yerlərində, xüsusən də tikinti gedən ərazilərdə iri həcmli qaldırıcı kranlar var. Və bu kranların altından hər gün yüzlərlə, minlərlə insan keçir. Hər keçən insanın içində bir qorxu olur və sual yaranır ki, bu kranlar aşa bilərmi?

Milli.Az bildirir ki, ARB TV-də yayımlanan "Günə doğru" verilişində məsələ ilə bağlı ətraflı süjet yayımlanıb.

Bir neçə gün əvvəl paytaxtın Nəsimi rayonundakı tikintilərdən birində aşan kran yaxınlıqdakı avtomobillərə və binaya ziyan vurdu. Kran operatorunun həyatını itirdiyi son hadisə göstərdi ki, hər gün ətrafından keçdiyimiz kranların heç də hamısı təhlükəsiz deyil. Hər an başımıza aşa bilər.

İman Məmmədov - Kran mühəndisi: "Düzdür, hadisə oldu. O hadisədə kran operatorunun heç bir günahı yox idi, bu, işin təhlükəsiz qurulmasından asılı olan bir məsələdir".

Ekspertlər bildirir ki, kranların aşmasının əsas səbəbləri normadan artıq yük qaldırma və texnikanın düzgün qurulmamasıdır.

Anar Məlikov - Ekspert: "Ən birinci hər hansı bir yükqaldırma avadanlığı istifadə edilməzdən öncə biz onun texniki sazlığından əmin olmalıyıq. Avadanlıqlar texniki təhlükəsizlik baxımından sertifikatlaşdırılmış və yoxlanmış bir avadanlıq olmalıdır".

İkinci əsas faktor kranı idarə edən şəxslərin peşəkar olmasıdır.

Sahil Mənsimov - FHN rəsmisi: "Kran idarəçiləri bilavasitə həmin sahə üzrə təlimat keçməli, kurs keçməli, sertifikatla təmin olunmalıdır. Onların bilikləri 12 aydan bir təkrar yoxlanmalıdır".

Rafael Nağıyev - Kran ilməkçisi: "Bəli, sertifakatım var. İldə bir dəfə yoxlama zamanı gedib yoxlanışdan keçirik. Keçə biliriksə, möhür vururlar, işimizə davam edirik".

Rəhim Əliyev - Kran operatoru: "Bu kranın aşmaması üçün əvvəla onun təməli möhkəm qoyulmalıdır. Təməli betonlandıqdan sonra xüsusi heyət tərəfindən cihazlar vasitəsilə yoxlanılmalıdr".

Kranların təhlükəsizliyinə Fövqəladə Hallar Nazirliyi nəzarət edir.

Sahil Mənsimov - FHN rəsmisi: "Sahibkar və yaxud fiziki-hüquqi şəxsin yazılı müraciəti əsasında sahibkarlıq obyektlərində yoxlamalar aparılır. Bundan əlavə olaraq, hər hansı qayda pozuntusu olarsa, Ədliyyə Nazirliyindən çıxarış aldıqdan sonra həmin müəssisədə texniki vəziyyətin qiymətləndirilməsi işi aparılır".

FHN sahibkarlara müraciət edərək, kranı istismar etmədən öncə quruma məlumat vermələrini tövsiyə edir. Əgər kranın istimar müddəti bitməyibsə, texniki təhlükəsizlik sertifkatı alınmalı və ya istismar müddəti ötmüş krandırsa, mütləq yoxlamadan keçməlidir. Bəzən buna səhlənkar yanaşma nəticəsində bədbəxt hadisələr baş verir.

Milli.Az


Etiketlər:  Yüz minlərlə insan təhlükədə Bu kranlar hər an başımıza aşa bilər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ