Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda şortik qalmaqalları...

Azərbaycanda şortik qalmaqalları...

Tarix: 21 Sentyabr 2020 08:14

Sürücülük vəsiqəsi imtahanına şortik geyinib gedən şəxsin içəri buraxılmaması və rəsmi açıqlama kimi ""Qadınlar "prava" imtahanına şortiklə girə bilər, kişilər isə yox!" deyilməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəziləri şortik geyinməkdə problem olmadığını düşündüyü kimi, buna qarşı olanlar da var.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu, şortikdən istifadəyə görə Azərbaycanda baş verən ilk qalmaqal deyil. Buna qədər də müxtəlif yerlərdə, müxtəlif şəxslər arasında şortikə görə qalmaqallar, mübahisələr baş verib. Onlar arasında hətta şortikə görə məhkəməlik olanlar da var.

Belə ki, 2017-ci ildə xalq artisti Ramiz Məlik həmkarı Məleykə Əsədovanı şortik geyinməsinə görə tənqid etmişdi. R.Məlikin "Məleykə, belə şəkillərlə özünü biabır etmə. İlk növbədə özünü yox, sənə verilən o fəxri adı və teatr kollektivini düşün" deməsinə Əsədovanın cavabı belə olmuşdu: "Ramiz, indi qeyrətə gəlmisən?"

Qarşılıqlı söz davasından sonra M.Əsədova həmkarının onun şərəf və ləyaqətini təhqir etdiyini iddia edib və Nəsimi Rayon Məhkəməsinə müraciət edərək Ramiz Məlikdən 200 min manat məbləğində təzminat istəyib. Qarşı tərəf də qarşılıqlı iddia qaldıraraq eyni səbəbdən 300 min manat tələb edib. Amma məhkəmədə hər iki iddia təmin edilməyib. Bakı Apelyasiya Məhkəməsinə qədər uzanan proses R.Məlikin min manat ödəyib dediklərini təkzib etməsiylə nəticələnmişdi.

Geniş müzakirələrə səbəb olan şortik qalmaqallarından biri də 2018-ci ildə Bakı metrosunda baş verib. Həmin vaxt gənc qıza şortik geyinməsinə görə sərnişinlərdən biri ona irad bildirmişdi. Daha sonra digər sərnişin - orta yaşlı qadın adının Günay olduğu bildiriən qıza hücum edərək ona fiziki təzyiq göstərmişdi. Sözügedən insidentin görüntüləri sosial şəbəkələrdə sərt tənqid olunmuşdu.

Ötən il Bakıda yerləşən "Beerbaşa" restoranı şortikdə olan turisti içəri buraxmamışdı.

Buna səbəb restoranın dress kod tələbi idi. Belə ki, sözügedən restorana idman şortikində giriş qadağandır. Bu tələb həm qadınlara, həm də kişilərə aiddir. Restoranın bu addımı da birmənalı qarşılanmamışdı.

Şortik problemi ali təhsil ocaqlarında da yaşanıb. Belə ki, 3 il əvvəl Azərbaycan Universitetində oğlan tələbələrə qeyri-rəsmi olaraq təhsil ocağına şortla gəlməyə qadağa qoyulub. Eyni problem 2014-cü ildə Qərb Universitetində də yaşanmışdı. Universitetə çimərlik paltarlarında (vyetnamka, qısa şort, açıq top) gəlmək qadağan edilmişdi. Bundan əvvəl analoji xəbərdarlıq BDU və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri üçün edilmişdi.

2017-ci ildə Novxanıda "Amore" restoranı müştərilərə şortik geyinməyi qadağan etmişdi. Yay fəslində, özəlliklə turistlərin axın etdiyi tanınmış məkanda belə qadağanın olması çoxuna inandırıcı gəlməsə də, bu, həqiqət idi.

Dəniz kənarında yerləşən restoranın isə məsələyə münasibəti isə belə olmuşdu: "Bura ailəvi məkandır, hamı ailə, uşağı ilə gəlib oturur. Narazılıqlar olur, buna görə də qadağa qoymuşuq. Dənizə girib çimən, daha sonra bizim restorana çimərlik geyimində girmək istəyən şəxs buraxılmır".

Təbii ki, qeyd etdiyimiz şortik qalmaqalları ən yadda qalanlar və mətbuata məlum olanlardır. Cəmiyyətdə şortik məsələsi ilə bağlı fikirlərin müxtəlif olduğunu nəzərə alsaq, bu problemin hələ xeyli müddət davam edəcəyini düşünmək olar.


Etiketlər:  Azərbaycanda şortik qalmaqalları


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ