Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2020 11:18
Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanın qədim alban və xristian abidələri ermənilər tərəfindən məhv edilməkdədir.
Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun elmi işçisi Ramin Əlizadə "Arsak toponiminin elmi mənşəyi" mövzusunda keçirilən vebinarda deyib.
Onun sözlərinə görə, Azərbaycanın xristian abidələri Qriqoryan abidələri kimi təqdim edilir.
R.Əlizadə qeyd edib ki, sovet dövründə islama qədərki tariximizin sanki bir yiyəsi olmayıb. Cənubi Qafqazda o sahələri araşdıran əsas mütəxəssislər erməni və gürcülər olub:
“Albanşünaslığın araşdırılması ilə daha çox erməni və gürcülər məşğul olub. Sovet dövründə Azərbaycan tarixi elminə 2, 3-cü dərəcəli elm kimi baxılıb. Ona görə də Albaniyanın əsas iki paytaxtı olan Qəbələ və Bərdə şəhərləri Azərbaycan şəhəri olsa da, sovet dövründə bu məsələlər barədə Rusiyada, Ermənistanda, Gürcüstanda alimlər müzakirələr aparıblar”.
R.Əlizadə əlavə edib ki, Azərbaycanın tarixi ilə bağlı məlumatların virtual aləmdə düzgün çatdırılmasına çox böyük ehtiyac var:
“Biz bilirik ki, bu gün virtual aləmdə oyunlar baş verir. Biz bu gün işğalçı Ermənistanla üzbəüz dayandığımız cəbhədə düşmənlərin kimlərin olduğunu görürük. Virtual aləmdə isə çox insanlarla üz-üzə gəlirik və gərək biz onların düzgün məlumat təqdim etməyən paylaşımlarına laqeyd yanaşmayaq, real tarixi təbliğ edək. Bunun üçün bizə vizual elektron vəsaitlər çox lazımdır”.