Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İstanbulda Azərbaycan dövlətinə növbəti dəstək mitinqi keçirilib

İstanbulda Azərbaycan dövlətinə növbəti dəstək mitinqi keçirilib

Tarix: 15 Oktyabr 2020 18:26

Bakı. Trend:

İstanbulun Bağçılar rayonundakı Dostluq Parkında ölkəmizə dəstək mitinqi keçirilib. Tədbir Türkiyədə fəaliyyət göstərən Xəzər Folklor Təhsil və Araşdırma Mərkəzinin (Hazarfem dərnəyi) təşkilatçılığı ilə baş tutub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, mitinqə Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Hüseynova, Bağçılar bələdiyyəsinin, müxtəlif təşkilatların rəhbərləri qatılıblar. Tədbirdə Hazarfem dərnəyinin sədri Nuran Acar, Baş konsul Nərminə Hüseynova və başqaları çıxış ediblər. Azərbaycan dövlətinin qətiyyətli, haqlı və ədalətli mövqeyi nəticəsində küncə sıxışdırılan işğalçı Ermənistanın ölkəmizin müharibə zonasından uzaqda yerləşən şəhər və rayonlarını, mülki yaşayış məntəqələrini və obyektlərini raket zərbələrinə məruz qoyması kəskin şəkildə pislənilib. Ermənistanın siyasi rəhbərliyinin yol verdiyi hərbi cinayətlərə görə beynəlxalq məhkəmə qarşısında cavab verməsinin vacibliyi vurğulanıb.

Müzəffər Azərbaycan ordusunun torpaqlarımızı erməni işğalından azad edəcəyinə inam və əminlik ifadə edilib, "Qarabağ Azərbaycandır!" və digər şüarlar səsləndirilib.

Azərbaycan və Türkiyə bayraqlarının dalğalandığı, şəhidlərimizin şəkillərinin nümayiş olunduğu tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan hərbçilərimizin ruhuna dualar oxunub.


Etiketlər:  İstanbulda Azərbaycan dövlətinə növbəti dəstək mitinqi keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ