Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2020 16:06
Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universitetinin üzvü olduğu və Azərbaycan təmsilçiliyini yerinə yetirdiyi Türk Dünyası Mühəndislər və Memarlar Birliyi dünya ictimaiyyətinə müraciət ünvanlayıb. Müraciət 13 oktyabrda birliyin ildönümü və Ankaranın paytaxt təyin olunmasının 96-cı ildönümü toplantısında Türkiyənin Qazi Universitetinin Mədəniyyət Mərkəzində təqdim olunub.
Trend-in məlumatına görə, birliyin idarə heyətinin üzvlərinin, şöbə müdirləri və işçi komitə sədrlərinin “Qarabağın keçmişi, bu günü və gələcəyi” adlı xüsusi mövzu ilə bir araya gələrək hazırladıqları müraciətdə deyilir:
“Türk Dünyası Mühəndislər və Memarlar Birliyi türk dünyasında dildə, fikirdə, işdə birlik fikrinin mühəndislik, memarlıq və şəhərsalma sahələrində həyata keçirilməsini, peşə təhsilinin, peşə bacarıqlarının inkişafını və müvafiq sahələr üzrə birgə fəaliyyəti təmin edərək müxtəlif səbəblərdən məhv olan, yoxa çıxmaq üzrə olan və mövcud olduğu coğrafiya xaricində bilinməyən memarlıq əsərlərinin vəziyyətini müəyyənləşdirərək yox olmasının qarşısını almaq və onları tanıtmaq üçün qurulmuşdur. Qurumumuz türk dünyasını beynəlxalq aləmdə təmsil etmək və qarşılaşdığı hər cür problemi həll etmək baxımından təşəbbüs göstərən və lider rolu oynaya biləcək güclü bir vətəndaş toplumudur.
30 il əvvəl Azərbaycanın ərazi bütövlüyünə toxunaraq, başda Xocalı qətliamı olmaqla, günahsız və müdafiəsiz qardaşlarımızı amansızcasına qətlə yetirən, bu torpaqlarda mədəniyyətimizi və memarlıq əsərlərimizi məhv etməyə çalışan Ermənistan 28 sentyabr 2020-ci il tarixində ağır silahlarla Azərbaycan torpağı olan Qarabağdakı müdafiəsiz can qardaşlarımıza yenidən hücum etməyə başladılar. Türk Dünyası mühəndisləri və memarları adından bu bu hücumları qətiyyətlə pisləyir, Azərbaycanın öz xalqını və ərazi bütövlüyünü qorumaq uğrunda başladığı hərəkatı dəstəkləyirik. Bu gün dünyanın gözü qarşısında ərazilərini erməni hücumlarına qarşı müdafiə edən Azərbaycanın Qarabağdan kənar şəhərlərinə ermənilərin atəşkəs razılaşmasına baxmayaraq hücum etməklə mülki qardaş və bacılarımızı şəhid etməsini, yaralamasını ən ağır şəkildə lənətləyirik.
Qədim türk dünyasındakı Türküstan xalqı və ədalətə inanan bütün dünya xalqlarının Azərbaycanın yanında olduğuna inanırıq. Dövlətimiz - Türkiyə Cümhuriyyəti başda olmaqla, müstəqil türk dövlətlərinin dəstəyinin Qarabağın əsl sahibi Azərbaycana qovuşana qədər davam edəcəyini bilirik. Bu cür hadisə və hücumlar türk dövlətlərini, Türküstan xalqını və biz sivil cəmiyyəti birləşdirərək daha da gücləndirəcəkdir.
Azərbaycan bayrağı Qarabağda əbədi dalğalanacaqdır!
Bu vəsilə ilə torpaqlarını qorumaq və işğaldan azad etmək uğrunda şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralılarımıza da tezliklə sağalmalarını diləyirik. Allah azərbaycanlı qardaşlarımızın və Türk Dünyasının köməyi olsun! Unudulmasın ki, Azərbaycan tək deyil. Biz, birlikdə Türk millətiyik!“