Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dədəlilərin Dədəli sevinci

Dədəlilərin Dədəli sevinci

Tarix: 19 Oktyabr 2020 12:46

Tələbəlik həyatımın ən unudulmaz anları ilə yaddaşımda həkk olunub. Yataqxanada qalmasam da tələbə yoldaşlarım qalan yataqxananın həyətində yığışaraq şahmat oynayardıq.

Əslində, bu yataqxanaların adı tələbə yataqxanası idi. Dağlıq Qarabağdan və ətraf rayonlardan qaçqın düşmüş soydaşlarımız məskunlaşmışdı bu darısqal otaqlarda. Cəmi 5-6 tələbə otağı olardı, ya olmazdı beşmərtəbəli yataqxanalarda. Tələbə yoldaşlarımızın sayəsində orada yaşayan ağsaqqallarla və gənc oğlan uşaqları ilə də salam, sağolumuz yaranmışdı. Əslən Füzuli rayonundan olan, erməni işğalçılarının təcavüzünə məruz qalaraq ailəsi ilə birgə tələbə yataqxanasında məskunlaşan bir ağsaqqal dayı da bizimlə şahmat oynayardı.

Bir gün onunla oyunum çox uzun çəkdi. Fürsətdən istifadə edib bir az da yaxından tanış olduq. Mənim Xaçmaz rayonunun Dədəli kəndində doğulub boya-başa çatdığımı eşitdikdə, özünün də Füzuli rayonunun Dədəli kəndindən olduğunu bildirdi. Mənə Dədəli kəndləri haqqında geniş danışdı və hamısının kökünün eyni olduğunu bildirdi. Siz bizim kənddən getmişlərsiz, yoxsa biz sizin kənddən gəlmişik?, - deyərək sual verdi. Mən də "Azıx mağarası sizdədir", - deyərək Füzuli rayonunun daha qədim tarixə malik olmasını xatırlatdım. O gündən daha yaxın dost olduq. Hətta deyərdim ki, bir az da eyni kökə bağlı olduğumuzdan qohum kimi sandıq bir-birimizi. Sonralar həyat yolum elmi fəaliyyət nəticəsində ölkədən xaricə düşdü, o kişini görə bilmədim. On beş ildir onu görməsəm də, tələbəlik illərimdə olduğum yaxınlığı hələdə ruhumda yaşadırdım. Çünki o ağsaqqal ilə o qədər yaxın idik ki, ayrı-ayrı kəndlərdən olduğumuzu belə hiss eləmirdim.

Bu günlərdə cənab Prezidentimizin xalqa müraciəti zamanı çıxışında Füzuli rayonunun Dədəli kəndinin də azad olunması xəbərini eşitdikdə yenidən həmin hissləri yaşadım. Təşəkkürlər cənab Ali Baş Komandan, təşəkkürlər Azərbaycan ordusu! Sizin sayənizdə özümüzi yumruq kimi birləşmiş hiss edirik, hamımız cəbhə xəbərləri ilə yaşayırıq. Hər birimizin qəlbi cəbhədə döyüşən əsgərlərin nəbzi ilə birgə döyünür. Ümumiyyətlə işğal altında qalan kəndlərimizin, şəhərlərimizin hər birinin qədim tarixi keçmişi vardır. Həmçinin Dədəli kəndi də. Dədəli kəndi kimi dərin tarixə malik olan kəndlərimiz azad olunduqca hamımızda ruh yüksəkliyi yaranır və səbirsizliklə bütün torpaqlarımızın azad olunacağı günü gözləyirik.

Dədəli kəndləri adından da göründüyü kimi qədim tarixə malik türk kəndləridir. Azərbaycanın Füzuli, Xaçmaz və Ağsu rayonlarındakı Dədəli kəndləri ilə yanaşı, Türkiyədə və Qərbi Azərbaycan ərazisində də Dədəli toponimi kənd adı ilə mövcuddur. Bu kəndlərin əhalisi bütünlüklə türklərdən ibarətdir. Bu kəndlərin əhalisi I Qarabağ savaşında da Azərbaycan torpaqlarının işğalçılardan müdafiə olunmasında iştirak etmişdir. Hazırda isə cəbhənin müxtəlif istiqamətlərində müzəffər ordunun daxilində qanlı döyüşlərdə qəhrəmancasına vuruşurlar. Bütün Dədəli kəndlərinin sakinləri adından 27 il düşmən işğalında qalmış, bu gün isə müzəffər Azərbaycan əsgərinin qalibiyyəti ilə azad olunmuş Füzuli rayonunun Dədəli kəndinin bütün sakinlərini, bütün füzuliləri, Azərbaycan xalqını təbrik edirik. Tezliklə Şuşanın, Xankəndinin azad olunması xəbərlərini gözləyir və cəbhədəki əsgərlərimizə zəfər arzulayırıq. Biz də hər bir şərəfli Azərbaycan vətəndaşı kimi möhtərəm Ali Baş Komandanımıza inanır və bizə yaşatdığı qələbə xəbərlərinə görə təşəkkür edirik.

Yaşasın, Ali Baş Komandanımız!

Yaşasın, Azərbaycan ordusu!

Dosent Sakin Cabarov


Etiketlər:  Dədəlilərin Dədəli sevinci


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ